Harmonik rəqs və onun qrafiki. Ən sadə rəqsi hərəkət harmonik rəqsdir.
● Harmonik rəqs - sərbəst rəqs edən sistemin vəziyyətini xarakterizə edən fiziki kəmiyyətlərin
zamandan asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişdiyi rəqslərdir.
Sərbəst harmonik rəqsi hərəkət edən cismin zaman keçdikcə vəziyyəti dəyişir. Rəqs sistemində kiçik zaman fasiləsində sürtünmə qüvvəsinin təsirini nəzərə almamaq mümkün olduğu üçün rəqsi hərəkətin sinusoid və ya kosinusoid adlanan əyrisi alınacaqdır. Sinusoid (və ya kosinusoid) əyrisini həm yaylı rəqqas, həm də ipli rəqqasda içərisi qum doldurulan nazik deşikli qıfla aparılan təcrübədə asanlıqla müşahidə etmək mümkündür (b).
Bu əyri rəqqasın x yerdəyişməsinin t zamanına görə sinus və ya kosinus qanunu ilə dəyişmə qrafıkinə uyğundur (c):
x = xmsinωt(4.6)
və ya
x = xmcosωt (4.7)
Qrafikdən görünür ki, zamanın rəqs perioduna bərabər müddətində (t = T ) rəqqas bir tam rəqs edir (bax: c).
● Sönən rəqslər - qapalı rəqs sistemində sürtünmə qüvvələrinin təsiri nəticəsində sistemin tam mexaniki enerjisinin tədricən azalması və amplitudun kiçilməsi ilə müşayiət olunan rəqslərə deyilir.