4.1
RƏQSİ HƏRƏKƏT.
SƏRBƏST RƏQSLƏR
Tədbirli meşəbəyilər bal arılarının ağacın gövdəsində qurduqları pətəkləri ayıdan qorumaq üçün möhkəm qaytandan ağır kötük asırlar. Kötük pətəkdən bir qədər aşağıda, ayının yolunun üstündə yerləşdirilir. Ağaca dırmanan ayı kötüyü kənara itələmək məcburiyyətində qalır.
Mexaniki rəqsi hərəkət. Təbiətdə ən geniş yayılan hərəkətlərdən biri mexaniki rəqsi
hərəkətidir.
● Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks
istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi
hərəkət—cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə
yerdəyişməsidir.
Rəqsi hərəkət periodik və qeyri-periodik ola bilir:
● Periodik rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin bərabər zaman fasilələrindən sonra
təkrarlanan rəqsidir.
● Qeyri-periodik rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin ixtiyari zaman fasilələrindən
sonra təkrarlanan rəqsidir. Belə rəqslərin müəyyən periodu olmur.
Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər.
● Məcburi rəqs -periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.
● Sərbəst rəqslər - tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən
rəqslərdir.
Sərbəst rəqslər. Rəqsi hərəkətləri öyrənərkən aparılan ölçmə və hesablamaların sadəliyi üçün qapalı sistemdən istifadə etmək əlverişlidir. Qapalı sistemdə cisimlər daxili qüvvələrin qarşılıqlı təsiri nəricəsində rəqsi hərəkət edir.