Mövzusunu tarixi hərəkatdan alan dastanda xalqın azad, firavan yaşamaq istəyi, haqsızlığa, ədalətsizliyə nifrəti geniş əksini tapmışdır. Buna uyğun olaraq, Koroğlunun və onun silahdaşlarının – dəlilərin bədii obrazı xalqın arzusuna və zövqünə müvafiq yaradılmış, onlara böyük məhəbbət ifadə edilmişdir. Dastanın yaradıcıları ədalətsiz şah, bəy və xanlara nifrətlərini də gizlətməmişlər.
Eposda anaya, qadına dərin hörmət, əməyə, zəhmət adamına rəğbət ardıcıl duyulur, mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlər, ibrətamiz əhvalatlar təsvir edilir.
Dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var. Oxucu bu qollarda yeni əhvalat və hadisələrlə qarşılaşır. Bu isə o deməkdir ki, dastan ideyaca zəngindir. Bunu ciddi araşdırma aparmaqla əhatəli şərh etmək mümkündür.
Bağdad əhvalatından sonra xotkar ətrafa namələr yazıb adlı-sanlı paşaları, pəhləvanları, qoşun böyüklərini yanına çağırdı. Böyük bir məclis qurdu.
Elə ki hər kəs öz yerini tutdu, xotkar dedi:
– Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. Sizi çağırmışam ki, tədbir tökəsiniz, görək necə eləyək ki, onu dünya üzündən yox edək. Budu, gün-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dələduz varsa, gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budu, qoşun düzəldib şəhərlərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nökərdən-naibdən olaq, ya da ki dağlarda, daşlarda qaçaqlıq edək.
Elə ki xotkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi:
– Aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq