Dastanda yaradılmış Telli xanım, Ruqiyyə xanım, Məhbub xanım və başqa qadın surətləri ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar.
Xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən xotkar, şah, bəy, xan surətlərinə, demək olar ki, hər qolda rast gəlmək mümkündür. Koroğlu onların yuxusuna haram qatmış, hakimiyyətlərini xeyli məhdudlaşdırmışdır. Bu yenilməz igidlə açıq döyüşdən çəkinən hakim təbəqə onu məhv etmək üçün ağlagəlməz hiylələrə əl atır. Bu təbəqənin ən nüfuzlu adamları Koroğlunu aradan götürmək üçün var-dövlətlərinin böyük bir qismini, hətta övladlarını – qızlarını belə qurban verməyə razıdırlar. Hasan paşa, Ərəb Reyhan, Bolu bəy və b. namərd, hiyləgər, amansız olduqları qədər də qorxaq və ikiüzlüdürlər. Onlar fürsət düşən kimi bir-birini aldadır, xotkarın rəğbətini qazanmaq üçün hər fırıldağa əl atır, ən yaxınlarına belə yalan danışırlar.
Koroğlu və onun dəliləri bütün döyüşlərdə onlara qalib gəlirlər. Bu, haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir.
Dastanın üzərində müşahidələrin dərinləşdirilməsi, mənbələrin araşdırılması bu deyilənlərə əhəmiyyətli əlavələrin edilməsinə imkan yaradır.
Dastanın əsrlər boyu maraqla oxunmasının, geniş yayılmasının və yaşamasının səbəbləri çoxdur. Bunlardan ən mühümü onun bədii gözəlliyi, solmayan təravətidir. Bir-biri ilə heyrətamiz ustalıqla bağlanan, əlaqələndirilən əhvalatları həyəcansız oxumaq mümkün deyildir. Hadisələrin təsviri elə ilk cümlələrdən diqqəti cəlb edir, oxucunu, dinləyicini intizarda saxlayır, onun necə tamamlanacağı maraqla izlənilir.
Dastanda nəsrlə nəzmin əvəzlənməsi ona xüsusi gözəllik vermişdir. Əhvalat və hadisələrin təsviri nəsrlə verilmiş, hiss-həyəcanların ifadəsində isə daha çox qoşma və gəraylıdan istifadə olunmuşdur.
Dilimizin gözəlliyi, ifadə imkanlarının genişliyi dastanın hər cümləsində, səhifəsində açıq-aşkar duyulur. Obrazların hiss və düşüncələrinin, portretlərinin, döyüş səhnələrinin dəqiq seçilmiş söz və ifadələrlə əks olunması dastanın oxucusuna, dinləyicisinə hədsiz zövq verir və o, hadisələrin iştirakçısına çevrilir, qəhrəmanlarla gah fərəhli, gah da üzüntülü duyğular yaşayır. Onların taleyi üçün təhlükə yaranan anlarda həyəcanlanır, zəfər anlarında isə iftixar hissi keçirir.
Dastandakı əhvalatlar axıcı bir dillə, təşbeh, metafor, təkrir, mübaliğə, litotadan, eləcə də xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur.
Dastanın (hər bir qolunun) maraqlı, cəlbedici süjetə, bitkin kompozisiyaya malik olması onun kamil sənət nümunəsi səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır.