Dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə birbirindən fərqlənən çoxlu obraz yaradılmışdır. Eposun baş qəhrəmanı Koroğlu xarakteri, davranışı, tədbirli olması ilə diqqəti dərhal cəlb edir və seçilir. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə nifrəti bu gənci mübarizə yolundan dönməyə qoymur. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir. Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.
Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər – silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur. Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisinə çevrilir. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlü olması ilə diqqəti cəlb edir.
Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.
Eposdakı qadın surətlərinin də oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.
Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan Nigar xanım Çənlibelin ağbirçək anası sayılır. O, Koroğlunu bir igid, mərd insan kimi yüksək qiymətləndirir. Nigar xanım onun səhvlərini üzünə deyir, dəlilərlə sərkərdənin arasında soyuqluğun yaranmasına imkan vermir. Nigar vəfalı ömür-gün yoldaşıdır. Ərinin