Ciddi ictimai problemlərə münasibət dastanlarımızda daha qabarıq əks olunmuşdur. “Koroğlu”, “Şah İsmayıl”, “Abbas və Gülgəz” və b. dastanlarda bunu aydın şəkildə görmək mümkündür.
XVII əsrdə Azərbaycan şeirində həyat həqiqətlərinə doğru meyil başlanmışdır. Saib Təbrizinin poeziyaya gətirdiyi “hind üslubu” şeirdə həyat nəfəsinin qüvvətlənməsinə, hikmətamiz fikirlərin geniş yer tutmasına səbəb olmuşdur.
Məsihi, Sadiq bəy Əfşar, Saib Təbrizi, Qövsi Təbrizi və başqalarının şeirlərində humanist ideyalar, nəsihətamiz fikirlər, insana hörmət hissi geniş tərənnüm olunmuşdur. Məsihinin “Vərqa və Gülşa” poemasında sevgi və qəhrəmanlıq vəhdətdə götürülmüşdür. Əsərdə öz məhəbbəti uğrunda mübarizə aparan qəhrəmanların maraqlı bədii obrazları yaradılmışdır. Şair oxucuya belə bir fikir aşılayır ki, xoşbəxtliyə çatmaq üçün mübarizə aparmaq, qəhrəmanlıq göstərmək lazımdır.
Saib Təbrizinin əsərlərində insanpərvərlik, xeyirxahlıq, saflıq, düzlük, sədaqətli dost olmaq və s. yüksək mənəvi dəyərlər kimi tərənnüm edilir. Dövrünün haqsızlıqlarına etirazını bildirən S.Təbrizi müxtəlif ölkələrdə yaşasa da, doğulduğu Təbriz şəhərini dərin həsrət və məhəbbətlə xatırlamışdır:
Qövsi Təbrizi əsərlərində insanın mənəvi azadlığı problemini qaldırır, sənətə qiymət verməyən zəmanəyə qarşı etiraz səsini ucaldırdı:
Bütün bunlara görə XVII əsr Azərbaycan şeiri bir qədər sonra yaranacaq erkən realist ədəbiyyatına hazırlıq mərhələsi hesab edilir.
M.P.Vaqifin timsalında XVIII əsr Azərbaycan ədəbiyyatında realizmə doğru ciddi bir dönüş baş vermişdir. Vaqif xalq həyatını və el gözəllərini realist boyalarla tərənnüm etmişdir. O, ziddiyyətləri ilə birlikdə vəsf etdiyi Kür qırağının timsalında ölkə coğrafiyasını ədəbiyyata gətirmişdir. Bütün bunlar Azərbaycan ədəbiyyatında yeni hadisə olan erkən realizmin meydana çıxması ilə nəticələnmişdir. Vaqifin şeirlərində dövrün ictimai haqsızlıqlarının tənqidi, Molla Vəli Vidadinin zəmanədən şikayətləri erkən realizm ədəbi cərəyanının mövqelərini daha da qüvvətləndirmişdir.
Qeyd edildiyi kimi, XVIII əsr yazılı ədəbiyyatımızda dünyəvilik, xəlqilik, reallıqla bağlı düşüncələrin, həyati, təbii hiss və duyğuların