Əsərdəki bir sıra obrazları – Məcnunun atası, anası, İbn Səlamı birləşdirən cəhətlər çoxdur. Dövrün tələblərinə, adət-ənənələrinə kor-koranə əməl etmək onlar üçün hər şeydən vacibdir. Müstəqil düşüncə, fərqli davranış, arzu və istəyin dilə gətirilməsi – bir sözlə, şəxsiyyət azadlığı onların həyata baxışında yer almır.
Məcnunun atası oğlunu dərin məhəbbətlə sevir, amma onu anlamır, anlaya bilmir. Yeganə oğlunun “xəstəliyinə” çarə axtarır.
Məcnunun aşiq olduğunu eşidən anası onu bu yoldan çəkindirməyə çalışır. Çünki bu, ailəni el içində xəcalətli edər.
Leylinin atası qızını Məcnuna verməyə bir şərtlə razı olur ki, o, sevdasından əl çəksin, yəni sevməsin. Sonralar Leylini İbn Səlama ərə verməyə razı olan ata qızının rəyini soruşmağı heç xəyalına da gətirmir.
Leylinin anası qızı ilə bağlı yayılan xəbəri qorxu və dəhşətlə qarşılayır. Yas içində olan ana bu xəbərin ailənin namusuna ləkə gətirəcəyindən əndişəyə düşür. Ananın fikrincə, aşiqlik qıza layiq bir iş deyildir, bu, ailənin ar və namusu, yaxşı adı üçün təhlükəlidir.
Hər iki ana övladının davranışında dövrün qayda və baxışlarından kənaraçıxma halını gördükləri üçün dərin narahatlıq hissi keçirir.
İbn Səlamın həyata baxışı bu valideynlərinkindən fərqlənmir. Dövrün tələbləri, əxlaqi-etik normaları ilə yaşayan bu zadəgan Leylini təsadüfən görür və bu gözəl qıza elçi göndərir. Leylinin fikrini öyrənmək barədə isə düşünmür.
Əsərdəki Nofəl, Zeyd fərdi xüsusiyyətləri ilə seçilən və yadda qalan obrazlardır.
Füzuli, yeri gəldikcə, qəhrəmanlarına öz münasibətini bildirmişdir. Bu, obrazların səciyyələndirilməsi işini xeyli asanlaşdırır.
Leyli və Məcnunla bağlı qəmli rəvayət bir çox əsərlər üçün mövzu olmuşdur. Nizami ilə başlanan “Leyli və Məcnun” Füzuliyə qədər və ondan sonra da dəfələrlə qələmə alınmışdır. Füzulinin doğma türkcəmizdə yazdığı bu möhtəşəm abidənin adı isə həmişə birinci çəkilmişdir. Poemanın yüksək dəyərləndirilməsinin ən mühüm səbəbi oxucunu valeh edən bədii gözəlliyidir. Əsərin cəlbedici süjetinin, mükəmməl kompozisiyasının onun maraqla oxunmasına təsiri çoxdur.
Ana dilinin əzəmətini, qüdrətini əsərin hər beytində müşahidə etmək mümkündür. Məcazın elə bir növü yoxdur ki, poemada dəfələrlə, həm də orijinal şəkildə işlənməmiş olsun. Eyni, yaxud müxtəlif məcazların bir çox məqamlarda ardıcıl işlənməsi əsərə xüsusi gözəllik, oxuculara böyük zövq verir.
Güclü obrazlılıq Füzuli sənətinin ən mühüm özəlliyidir. Bircə beyt oxucunun gözləri qarşısında ecazkar bədii lövhə yaradır.
Leylini gülzarlıqda gəzməyə aparan gözəllərin – pəriüzlü qızların hərəsi bir tərəfə gedir. Sanki ətrafa qığılcım (qızlar qığılcıma bənzədilir) yayılır və yanğın baş verir. Qızların gəzdiyi məkanın əlvan rəngə boyanması bu şəkildə nəzərə çarpdırılır.