XI—XII əsrlərdə yaranan ədəbiyyatımız intibah dövrü Azərbaycan ədəbiyyatı mərhələsi kimi dəyərləndirilir. Farsdilli Azərbaycan poeziyasının ilk görkəmli nümayəndəsi olan Qətran Təbrizinin yaradıcılığı ilə şeirimizin yeni inkişaf mərhələsi başlanır. XII əsrdə yazıb-yaratmış Əfzələddin Xaqaninin, Məhsəti Gəncəvinin və digər sənətkarların yaradıcılığı ideya istiqamətinə, ictimai motivlərinin genişliyinə, bədii keyfiyyətinə görə ədəbiyyatımızda dərin iz buraxmışdır.
İntibah poeziyasının zirvəsi olan dahi sənətkarımız Nizami Gəncəvinin yaradıcılığı, onun sənət incisi sayılan “Xəmsə”si həmin dövrdə və sonralar yaranan ədəbiyyatın inkişafında misilsiz rol oynamışdır.
XIII—XVI yüzilliklər orta əsrlər Azərbaycan ədəbiyyatı mərhələsi hesab olunur. Bu dövrdə ən mühüm hadisə farsca yazmaq ənənəsinin getdikcə zəifləməsi, ana dilində yaranan ədəbiyyatın güclənməsidir. Bu mərhələdə ədəbiyyatımızın inkişafı ilk növbədə Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi kimi görkəmli sənətkarların adı ilə bağlıdır. XIII əsrdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlunun qəzəlləri ana dilində bizə çatan ilk nümunələrdir. Lakin bu nümunələrin yüksək bədii keyfiyyəti onlardan çox-çox əvvəl ana dilimizdə əsərlərin yazıldığını deməyə əsas verir. Müəllifi məlum olmayan “Dastani-Əhməd Hərami” poeması isə ana dilində ilk epik poeziya örnəyidir.
XIV əsrin son rübündə Azərbaycanda yeni cərəyan - hürufizm yaranmışdır. Hürufilik fəlsəfi təlimi İmadəddin Nəsiminin yaradıcılığında yüksək bədii ifadəsini tapmışdır.
XV-XVI əsrlərdə Azərbaycan ərazisində müxtəlif sülalələrin hakim dairələrinin Azərbaycan dilinə böyük dəyər verməsi, ana dilində yazan sənətkarlara qayğı göstərməsi anadilli ədəbiyyatın inkişafına səbəb olmuşdur.
Orta əsrlərdə türk dünyasının poeziya zirvəsini Məhəmməd Füzuli fəth etmişdir. Onun lirikasının ən dəyərli inciləri məhəbbət və gözəlliyi tərənnüm edən qəzəlləridirsə, süjetli əsərləri içərisində möcüzə sayılanı “Leyli və Məcnun” poemasıdır.
XVII—XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı erkən yeni dövr mərhələsinə qədəm qoyur. Bu dövrdə ədəbiyyatda realizm ilk dəfə olaraq ardıcıl və davamlı xarakter almışdır. Həmin yüzilliklərdə iqtisadi və siyasi vəziyyətin ağırlaşmasına baxmayaraq, söz sənətimiz inkişafını dayandırmamış, ənənələrdən faydalanmaqla yanaşı, yeni keyfiyyətlərlə də zənginləşmişdir.