Məhəmməd Füzuli (1494–1556) |
HƏYATI, YARADICILIQ YOLU |
Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.
O, yaradıcılığa erkən yaşlarında başlamışdır. “Füzuli” təxəllüsünü seçən şair yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara getməmiş, sadə ömür sürməyə üstünlük vermişdir. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat yoxdur. Onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da tanıdığını da diqqətə çatdırır.