Xətayi Ərdəbil hakimi olmuş Şeyx Heydərin ailəsində dünyaya göz açmışdır. Onun ulu babası Şeyx Səfiəddin (Səfəvilər sülaləsi onun adı ilə bağlıdır) dövrünün tanınmış şəxslərindən idi. O həm hakim, həm də təriqət başçısı kimi böyük nüfuz sahibi olmuşdur. Xətayinin anası Aləmşahbəyim isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Şeyx Heydər hakimiyyət uğrunda döyüşlərdə öldürüldükdən sonra övladları Ağqoyunlu hökmdarları tərəfindən təqib edilmiş, hətta bir müddət həbsdə saxlanılmışlar. İsmayıl çox tez – on üç yaşında hakimiyyət uğrunda mübarizəyə başlamışdır. Əvvəlcə Ərdəbilə yürüş edən İsmayıl sonralar da ciddi qələbələr qazanmış, 1501-ci ildə Təbrizə daxil olmuşdur. Özünü şah elan edən İsmayıl 1503-cü ildə Ağqoyunlu hökmdarı Sultan Muradı məğlub edir. Bununla da Ağqoyunlu hakimiyyətinin sonu çatır. Yeni yaranmış Səfəvilər dövlətinin ərazisi Şah İsmayıl Xətayinin uğurlu siyasəti və hərbi yürüşləri sayəsində xeyli genişlənir.
1514-cü ildə Osmanlı sultanı Səlim Yavuzla Çaldıran düzündə şiddətli döyüşdə məğlub olan Xətayi müharibələrdən əl çəkir, ölkənin daxili işləri ilə məşğul olur.
O, 1524-cü ildə 37 yaşı olarkən dünyasını dəyişmişdir.
Bu fateh şah vaxtının çoxunu dövlət işlərinə həsr etsə də, bədii yaradıcılığa həmişə diqqət yetirmiş, heca vəznində qoşma, gəraylı, bayatı, əruz vəznində qəzəl, qəsidə, rübai və s. janrlarda gözəl əsərlər yaratmışdır. Elm aləminə ana dilində yaratdığı “Divan”ı, “Nəsihətnamə” və “Dəhnamə” adlı məsnəviləri məlumdur.
Ana dilində – doğma türkcəmizdə yazmağa üstünlük verən Xətayinin lirik şeirləri müxtəlif mövzulardadır. Şeirlərinin böyük bir qismi səfəvi – qızılbaş görüşlərinin təbliğinə həsr olunub. Birliyə və əqidə yolunda sadiq olmağa çağırış bu əsərlərdə önəmli yer tutur. Həmin əsərlərdə ifadə olunan fikirlər bir çox hallarda şairin sufi görüşləri ilə qovuşur.
Xətayinin lirikasında sufi görüşlərini ifadə edən şeirlər də az deyildir. Belə şeirlərdə dərin humanizm, insana böyük məhəbbət və yüksək dəyər öz əksini tapmışdır. Şairə görə, insanın mənəvi aləmi saf, əqidəsi möhkəm olmalıdır. Sufi məhz bu yolu tutmalıdır:
Məhəbbətin tərənnümünə həsr olunan şeirlər onun yaradıcılığında mühüm yer tutur. Şairin fikrincə, həqiqi məhəbbət insanı kamilləşdirir, nəcib, xeyirxah və saf əxlaq sahibi edir. Elə buna görə də saf, ülvi eşq Allahın lütf etdiyi qiymətli nemət kimi dəyərləndirilməlidir. Məhəbbətə biganə olan haqqı da unudar.