Mənbə qismində göstərilən kitabların dili aydın, məzmunu anlaşıqlı olduğu üçün onlardan istifadə edərkən çətinlik çəkməyəcəksiniz. Müxtəlif mənbələrdəki məlumatları öyrənmək, təhlil və müqayisə etmək, ümumiləşdirmə aparmaq müstəqil düşüncənizin dərinləşməsinə, bacarıqlarınızın inkişafına müsbət təsir edəcəkdir. Vəsaitə X sinifdə öyrənilən bədii əsərlər də daxil edilmişdir. Bu, vaxt itkisinin qarşısını alacaq, bədii əsərlərdən seçilmiş parçaları bir mənbədən oxumağınıza imkan yaradacaqdır. Unutmayın ki, bədii əsərlərin hər birini hələ sinifdə öyrənməyə başlamazdan əvvəl müstəqil oxumalısınız. Klassik ədəbiyyatla bağlı lüğətlər, şərh və izahlar oxuda köməyinizə gələcəkdir.
Xalq yaradıcılığı nümunələri ilə zəngin olan ədəbiyyatımız öz mənşəyini türk xalqları üçün ortaq olan qədim türk, yaxud ümumtürk ədəbiyyatından almışdır. Ulu babalarımızın - qədim türklərin bir neçə min il ərzində yaratdığı ortaq ədəbiyyat ən qədim zamanlardan islam dininin qəbuluna qədər olan dövrü əhatə edir. Ortaq türk ədəbiyyatının əsasında tanrıçılıq dünyagörüşünü, milli-etnik düşüncəni əks etdirən qədim türk eposu dayanır. İlk yazılı ortaq ədəbi-tarixi abidələr isə VII yüzilliyin məhsulu olan Orxon-Yenisey kitabələri hesab edilir.
İslamiyyətdən öncə Azərbaycanda yaradılmış qədim dövr yazılı abidələrinin mükəmməl nümunəsi “Avesta” təkcə xalqımızın deyil, Ön və Orta Asiya xalqlarının da ortaq dini-fəlsəfi, ədəbi abidəsi sayılır. Atəşpərəstlik dinini təbliğ edən bu əsər Azərbaycan ərazisindəki tayfa birləşmələri üçün əsrlər boyu müqəddəs kitab olmuşdur.
Türklərin islam dinini qəbul etməsi ictimai-mədəni həyatın bir çox sahələri kimi, ədəbiyyatın da mövzu, ideya, dil, üslub, janr, vəzn xüsusiyyətlərinə öz təsirini göstərmişdir. İslamiyyətdən sonra türklərin yaratdığı divan ədəbiyyatı əsrlər boyu davam etmişdir.
M.Kaşğarinin türk dünyasının ilk ensiklopediyası sayılan “Divani lüğat- it türk” kitabına ortaq türk ədəbiyyatı nümunələri daxil edilmişdir. Türk dünyasının böyük gələcəyini görən Məhəmməd peyğəmbərin aşağıdakı hədisinə kitabda xüsusi önəm verilmişdir: “Türk dilini öyrənin, onların uzun sürən hakimiyyəti vardır”. Əsər bu gün də qiymətli abidə kimi araşdırılır və öyrənilir.
Ədəbiyyatımızın zənginləşməsində və inkişafında ərəb dilində yazıbyaradan sənətkarlarımızın da xüsusi xidməti olmuşdur. Onların əsərlərı ideya-məzmunu, bədii sənətkarlıq xüsusiyyətləri, eləcə də azərbaycanlıtürk təfəkkürü, milli ruhu ilə dövrün ərəb poeziyasından seçilirdi.
IX əsrdən başlayaraq fars dili Şərq ölkələrində poeziya dili kimi geniş yayılmağa başladı. Azərbaycan ədəbiyyatında XI əsrdən başlayan farsca yazmaq ənənəsi bir neçə əsr davam etmişdir.