XIII yüzilliyin ana dilində olan epik poeziya örnəklərində (“Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemaları) xeyirlə şərin mübarizəsi, islam dininin yüksək humanist dəyərləri, ədalətə, insansevərliyə, insaf və etiqada dəvət motivləri mühüm yer tutur. Rəzillik, zalımlıq, kin-küdurət insana yaraşmayan mənfi sifətlər kimi tənqid olunur. Ana dilində yazılmış ilk epik nəzm əsəri olan “Dastani-Əhməd Hərami” poemasının müəllifi məlum deyildir. Altı məclisdən ibarət əsərdə oğurluq, quldurluqla ad çıxarmış Əhməd Hərami şəri, pisliyi təmsil edir. Bağdad sultanının qızı Güləndam isə xeyirin, haqqədalətin, saflığın təmsilçisi kimi təqdim olunur. Əsərin baş qəhrəmanlarının ölüm-dirim mübarizəsi sonda Güləndamın Əhməd Həramini öldürməsi – xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. Əhməd Həramini şair zalım, şərəfsiz adlandırır, insanların onun ölümünə sevinməsini təsvir etməklə xalqın şərə nifrətini ifadə edir. Əsərdə xalq şeir dilinə xas olan ifadələr, bədii təsvir və ifadə vasitələri klassik poeziya ənənələrinə uyğunlaşdırılmışdır:
XIV yüzillikdə Quran motivləri əsasında yazılmış anadilli epik poeziya nümunələri (Suli Fəqih və Mustafa Zəririn “Yusif və Züleyxa” adlı poemaları) meydana çıxır. Ana dilində əsərlər sayca artsa da, fars dilində yazmaq ənənəsi də davam edir. Bu dövrdə, əsasən, Nizami mövzularında şəri, eybəcərliyi pisləyən, xeyiri, ədaləti, insan haqqını müdafiə edən epik şeir örnəkləri (Marağalı Əvhədinin “Cami-Cəm”, “Dəhnamə”, Arif Ərdəbilinin “Fərhadnamə”, Əssar Təbrizinin “Mehr və Müştəri” poemaları) yaranırdı.
Türk ədəbiyyatında dünyəvi poeziyanın örnəyi kimi dəyərləndirilən Qazi Bürhanəddin yaradıcılığı bir sıra mühüm səbəblərə görə diqqəti cəlb edir. Onun ana dilinin yüksək bədii səviyyəyə çatdığını göstərən “Divan”ı, sırf türk şeir janrı olan tuyuqdan geniş istifadə etməsi, ictimai və siyasi həyatı əks etdirməyə güclü meyli bu dövrdə – XIV yüzillikdə ədəbiyyatda gedən yeniləşmə prosesinin göstəricisi idi.
Qazi Bürhanəddinin yaradıcılığında qəhrəmanlığı, mənəvi dəyərləri əks etdirən tuyuqlar mühüm yer tutur. Tuyuqlarda sənətkarın dünyagörüşü, həyat hadisələrinə, mənəvi problemlərə münasibəti geniş əksini tapmışdır. Bu tuyuqların lirik qəhrəmanı ölümdən qorxmayan, haqq işi yolunda baş qoymağa hazır olan igiddir. Mərdlik, mübarizlik, cəsarət, düşmən qarşısında əyilməzlik həmin qəhrəmanı səciyyələndirən başlıca cəhətlərdir: