Doğru söylədin ki, belə gövhərlə
Hər sərraf ancaq bir daş alar ələ.
O zaman dəyərli olardı sözün,
Öncə bu qaş-daşdan qaçaydın özün…
Sənin xonçandakı bu daş-qaş daşır,
Bu danlaq, bu töhmət kimə yaraşır?
Süfrəyə cavahir saçmaq nə gərək?
Gövhərdən qaçmağı mənə öyrətmək?
Sərrafın gözünə toz atmaqdır bu,
İskəndər yaqutu hər evdə dolu.
Bununla bərabər, diqqət edincə
Sözlərin yerlidir, doğrudur, məncə.
Eşq olsun bu fikri sağlam qadına,
Mərdliyin yolunu göstərir mana".
...Sonra Nüşabənin yaqut dodağı
Yaqutla bəzədi bütün torpağı.
Əmr etdi xonçaya qoyuldu yemək,
Qızıl noğuldanlar, əntiq və qəşəng.
Hər yeməkdən özü dadırdı öncə,
Çox heyrət etdi şah bunu görüncə.
Şah rahat deyildi belə xidmətdən,
Ayağa qalxdı tez yemək bitərkən...
Gedərkən Nüşabə bağladı peyman,
İskəndər verməsin mülkünə ziyan.
Vəsiqə yazmağa şah verdi fərman,
O cənnətdən çıxıb getdi hökmüran...
(Tərcümə edənlər: A.Şaiq, M.Rzaquluzadə)
II dərs • Məzmun üzrə iş
- Kiçik qruplarda birləşərək evdə təkrar etdiyiniz parçalardakı mühüm fikirlər, tanış olmayan
sözlər və məcazlarla bağlı qənaətlərinizi bölüşün.
- Gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Müzakirədə aşağıdakı sualları da əhatə etməyə çalışın:
– Niqumaş kimdir? O, İskəndərin təlim-tərbiyəsi ilə necə məşğul olur?
– Şahlıq taxtına çıxan İskəndərin fəaliyyətində diqqətinizi daha çox çəkən nə oldu?
– İskəndər zənci hökmdarı ilə müharibə etməyə bilərdimi?
– Daranın onunla müharibə etmək niyyətində olduğunu öyrənən İskəndər necə hərəkət
edir?
– İskəndərin Daranı qətlə yetirən sərkərdələrlə rəftarı sizdə hansı təəssürat yaratdı?
– Nüşabəni öz barigahına dəvət edən İskəndər ona necə münasibət bəsləyir?
1. “İqbalnamə”dən müstəqil oxuduğunuz aşağıdakı parçaları nəzərdən keçirin:
“Kitabın başlanması”, “İskəndərin peyğəmbərliyə yetişməsi”, “İskəndərin peyğəmbərlik
səfərinə çıxması”, “İskəndərin şimala çatması və Yəcuc səddini bağlaması”, “İskəndərin
vəsiyyəti", “İskəndərin anasına məktub yazması”.