Sezdiyi bu işi açmadı ona,
Açarım var, deyə bağlı qıflına.
İskəndər bir elçi kimi davrandı,
Özünü olduqca o sərbəst sandı.
Çox salam yetirdi hey dönə-dönə,
Təkmil bir elçilik etdi özünə...
Elə ki yetirdi özündən xəbər,
Başını aşağı dikdi İskəndər.
Nüşabə cavabçın lalə sayağı
Gül açıb, tərpətdi yaqut dodağı:
"Ey cəsur padişah, eşq olsun sənə,
Elçilik edirsən özün özünə…
Söz açma İskəndər qılıncından sən,
Özünə çarə tap, İskəndər sənsən..."
İskəndər dedi: "Ey bu taxta layiq,
Arama baxtının hökmündən artıq.
İskəndər dənizdir, mən çayam ancaq
Günəşlə kölgəni olmaz bir tutmaq”.
...Ağıllı Nüşabə yenə dürr sacdı,
O gül dodağından qıfılı açdı:
"Qəlbimi bu qədər aldatmaq nədən?
Yalan atını gəl minib çapma sən.
...Elçidə olurmu belə cəsarət?
Hüzurda göstərsin bu qədər hiddət?"
...Tez verdi belə bir cavab İskəndər:
"Bir tülkü aslandan gətirməz xəbər!
Gözündə olsam da cəsur, qəhrəman,
İskəndər deyiləm, elçiyəm ondan... "
...Nüşabə qızdı o aslan ürəyə:
"Günəşi palçıqla suvadın" deyə.
Kənizə əmr etdi: "Ver, baxsın" deyə,
Padşahlar rəsmini öpən ipəyə.
İpəkdə göstərdi ona bir bucaq,
Söylədi: "Əlində tut, diqqətlə bax.
Bu surət, bu sima kimindir, kimin?
Sarayda hörmətlə saxlaram neçin?"
İskəndər dinlədi onu hörmətlə,
Yazılı ipəyi açdı sürətlə.
Rəsmini tanıdı baxınca şəklə,
Gördü almış düşmən ölkəni ələ.
Bu işdə kin, hiddət göründü yersiz,
Bir cavab verməkdən qalaraq aciz,
Qorxudan saraldı bir saman kimi,
Sığındı Allaha tutulan kimi...
Nüşabə gördü ki, o qızğın aslan
Pozuldu, alçalıb düşdü ucadan.
Dedi: "Ey uğurlu, böyük tacidar!
Zəmanə başlara çox oyun açar.
Düşünmə, hörmətim çoxdur, bunu bil,