Dastanın
xülasəsi və
İskəndərin cahangirlik tarixi |
Mən elə başladım bu şux dastanı,
Coşdurar sazımın səsi dünyanı. Ən doğru sözlər ki oyadır maraq, Tarixdən onları bir-bir alaraq Düzdüm dastanıma, əsər yaratdım, Ağla sığmayanı büsbütün atdım. Dastanı düzərkən fikrim açıqdı, Söz səlis olsa da, yol dolaşıqdı. İskəndər haqqında heç bir əsərdə Məlumat görmədim yığcam bir yerdə. Ən qədim tarixi əsərlərdən mən Yəhudi, nəsrani, pəhləvilərdən Ən incə sözləri əlimə saldım, Qabığı ataraq, məğzini aldım. Müxtəlif dillərdən yığdım çox sözlər, Bunlardan düzüldü yazdığım əsər. Şerimdən atsaydım bəzəkli donu, Azacıq zəhmətlə yazsaydım onu, Bu böyük fatehin sərgüzəştindən Bir vərəq yazmaqla bitirərdim mən. Dünyanı dolaşan böyük İskəndər Yorulmaq bilmədən edirdi səfər. Dünyanı dolaşıb dörd yanı gəzdi, Bilmədiyi mülkü fəth eyləməzdi. Hansı bir dövlətə verdi nəhayət, Kəyan adətinə göstərdi hörmət. Sildi şurişləri köhnə dünyadan. Taxt aldı, tac aldı qoca Daradan. Ömründən keçirkən tam iyirmi il Şahlığa ucadan vurdurdu təbil. İyirmi yeddiyə çatınca yaşı Peyğəmbər olaraq ucaldı başı. İskəndər o gün ki peyğəmbər oldu, Onun tarixinə naxış vuruldu. Dinə yol göstərən bir hikmət oldu, Dünyada mübarək bir dövlət oldu. Dünyanı gəzərkən döndü hər yana, Elədi çox böyük şəhərlər bina. Hinddən başlayaraq Yunana qədər – Hər yerdə tikdirdi böyük şəhərlər. Dərbəndi, deyirlər, İskəndər qurdu, Əqliylə o şəhrə böyük səd vurdu. Çox bina salmışdır bunlardan başqa, Onları saymaqla çatmaz ki başa. Birisi uzanmış Şimali qütbə, Bir kökü uzanıb getmiş Cənubə. İskəndər hər yerə atını çapdı, O yerlər şənləndi, səadət tapdı. Dağlara, çöllərə tapdı min çarə, |