Qoca anan qara dəvə boynundan asılı keçdi.
Qırx incə belli qızla arvadın –
Boyu uzun Burla xatun ağlayıb burdan keçdi.
Qırx igidlə oğlun Uruz başı açıq, ayağı yalın
Kafirlərin yanınca dustaq getdi.
Tövlə-tövlə atlarını kafir minmiş.
Qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş,
Qızıl-gümüş, pul xəzinəni kafir talamışdır!..
Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünya-aləm
başına qaranlıq oldu. Dedi: “Ağzın qurusun, çoban! Dilin çürüsün, çoban!
Allah sənin alnına bəla yazsın, çoban!” Qazan belə deyəndə çoban dedi:
Nə danlayırsan məni, ağam Qazan?
Yoxsa heç köksündə yoxmudur iman?
Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz
kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq
toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım, dərdli başım
dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sonra çoban dedi:
Qonur atını mənə ver!
Altmış tutamlıq nizəni mənə ver!
Ap-alaca qalxanını, mənə ver!
Böyük, iti, polad qılıncını mənə ver!
Oxqabından səksən oxunu mənə ver!
Ağ tozluca tutacaqlı bərk yayını mənə ver!
Gedim kafirin qolundakı şahinini öldürüm.
Paltarımın qolu ilə alnımın qanını silim.
Ölərsəm, qoy sənin uğrunda mən ölüm!
Allah qorarsa, evini mən xilas eləyim!
Çoban belə dedikdə Qazan qəhərləndi. Yola düzəlib götürüldü. Çoban
da Qazanın ardından yetişdi. Qazan dönüb baxdı, soruşdu: “Oğul çoban,
hara gedirsən?” Çoban dedi: “Ağam Qazan, sən evini-ailəni xilas etməyə
gedirsən, mən də qardaşımın qanını almağa gedirəm”.
Belə dedikdə Qazan soruşdu: “Oğul çoban, qarnım acdır. Yeməyə bir
şeyin vardırmı?” Çoban dedi: “Bəli, ağam Qazan, gecədən bir quzu bişirib
qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.
1. Aşağıdakı parçanı – boyun ardını nəzərdən keçirin.
2. Bu parçada ifadə olunmuş başlıca fikirləri müəyyənləşdirməyə çalışın.
3. Düşmən obrazları üçün səciyyəvi olan cəhətləri müəyyənləşdirin.
4. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
5. Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma, yaxud dilimizə
aid olduğunu əsaslandırın.
6. Daha maraqlı hesab etdiyiniz məcazları yazın.
7. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.