Şahanə atların içdiyi su!
Qızıl dəvələrin gəlib keçdiyi su!
Çevrəsində ağ qoyunların yatdığı su!
Yurdumdan bir xəbər bilirsənsə, de mənə!
Dərdli başım qurban olsun, suyum, sənə!
Su necə xəbər versin?! Sudan keçdi, bu dəfə bir qurda rast gəldi. “Qurd
üzü uğurludur, qurdla bir xəbərləşim”, – dedi. Görək, xanım, necə
xəbərləşdi:
Qaranlıq axşam olanda günü doğulan!
Qarla yağış yağanda ər kimi duran!
Qaracıq atları kişnəşdirən!
Qızıl dəvə gördükdə inləşdirən!
Ağca qoyun görəndə quyruğuyla qamçı çəkən!
Arxasıyla vurub, bərk ağılın ardını sökən!
Burma-axta kök qoçları alıb-tutan!
Qanlı quyruq üzüb şap-şap udan!
Ulaşması köpəkləri təşvişə salan!
Əldə məşəl çobanları gecə vaxtı yüyürdən!
Yurdumdan bir xəbər bilirsənsə, de mənə!
Dərdli başım qurban olsun, qurdum, sənə! – dedi.
Qurd necə xəbər versin?! Qurddan da ötüb keçdi. Qaraca çobanın qara
köpəyi Qazanın qarşısına gəldi. Qazan qara köpəklə xəbərləşdi, görək,
xanım, necə xəbərləşdi:
Qaranlıq axşam olanda hav-hav hürən!
Turş ayran töküləndə şap-şap içən!
Gələn yadı, oğrunu qorxudan!
Hürməyiylə qorxudaraq hürküdən!
Yurdumun xəbərini bilirsənsə, de mənə!
Dərdli başım sağ olduqca
Yaxşılıqlar edim, köpək, sənə! – dedi.
Köpək Qazanın atının ayağına atılıb-düşür, zing-zing zingildəyir.
Qazan qamçı ilə köpəyi vurdu. Köpək çəkildi, gəldiyi yolla getdi. Qazan
köpəyi qovlayıb Qaraca çobanın yanına gəldi. Çobanı gördükdə
xəbərləşdi, görək, xanım, necə xəbərləşdi:
Qaranlıq axşam olanda qayğılı çoban!
Qarla yağış yağanda od-ocaqlı çoban!
Səsimi anla, sözümü dinlə!
Evimin buradan keçdiyini gördünmü, de mənə!
Dərdli başım qurban olsun, çoban, sənə! – dedi.
Çoban dedi:
Ölmüşdünmü, itmişdinmi, a Qazan?!
Harda gəzirdin, haradaydın, a Qazan?!
Dünən yox, o biri gün evin buradan keçdi.