Kafirin gözü qorxdu, dünya-aləm başına qaranlıq oldu. Dedilər: “Arzusu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar?!” Daha durmayıb qaçdılar.
Çoban şəhid olan qardaşlarını dəfn etdi. Kafirlərin leşindən bir böyük təpə düzəltdi, çaxmaq çaxıb od yandırdı. Yapıncısından kəsib yandırdı, qurumunu yarasına basdı. Yolun əyrisini tutub oturdu. Ağladı, sızladı. Dedi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdumu?”
Sən demə, xanım, o gecə Qalın Oğuzun dayağı, Bayandır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü, hövlnak ayağa durdu. Dedi: “Qardaşım Qaragünə, bilirsənmi yuxumda nə göründü? Qara-qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yoz mənimçin!”
Qaragünə dedi: “Qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qan – qaranlıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.
Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün Qonur atı çapıb, üç günlük yolu bir gündə gedərəm, yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim”.
Qazan bəy Qonur atını mahmızladı, yola çıxdı. Gəlib-gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb, quzğun dolaşır. Qazan bəy burada yurdu ilə xəbərləşib, görək, xanım, necə xəbərləşib, nə demişdir:
Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaş doldu. Qanı damarlarında dayandı. Qara bağrı sarsıldı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Qazan dedi: “Su Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim!” Görək, xanım, necə xəbərləşdi.
Qazan dedi: