Eposun hansı dövrdə yaranması ilə bağlı fərqli fikirlər vardır. Onun məzmununa əsaslanan bir sıra tədqiqatçılar eposun yaranma tarixinin islamiyyətdən çox-çox əvvələ aid olduğunu tutarlı dəlillərlə sübut edirlər. Dastanın VI– VII yüzilliklərdə yaranıb formalaşdığını bildirən alimlər də vardır.
Epos əsrlər boyu xalq arasında şifahi olaraq yaşadılmış, sonralar yazıya köçürülərək “Kitabi-Dədə Qorqud” adlandırılmışdır. Eposun yaradıcısı və ilk söyləyəni ozanlar ozanı Dədə Qorqud olmuşdur. Canlı ifadan yazıya alınmış dastan yazılı epos hesab edilir. Oğuz elinin böyük bilicisi kimi hörmət və nüfuz sahibi olan Dədə Qorqud tarixi şəxsiyyət sayılsa da, onun haqqında çoxlu əfsanə və rəvayətlər də yaradılmışdır.
Azərbaycan türklərinin ulu babalarının – oğuzların ən möhtəşəm sənət abidəsi “Kitabi-Dədə Qorqud” məhz onların həyatını, məişətini, inancını, həyata baxışını, mübarizəsini əks etdirir. Eposu yaradan da, onun qəhrəmanları da Oğuz türkləridir.
Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.
Epos hər birinin ayrıca süjet xətti olan boylardan ibarətdir. Lakin dastanın ümumi ideyası və məzmunu onları bir-biri ilə bağlayır.
Oğuz elinə Bayındır xan başçılıq edir. Dastanda onun yalnız adı çəkilsə də, müdrik və qüdrətli hökmdar olduğu anlaşılır. Qazan xan başçı və sərkərdə olmaqla Bayandır xandan sonra ikincidir. Vətənin toxunulmazlığı, xalqın müdafiəsi Qazan xan başda olmaqla, oğuz igidlərinin qarşısında duran birinci problem, ən mühüm vəzifədir. Tez-tez düşmənlərin – “qara donlu kafirlər”in basqınına, talanına məruz qalan Oğuz eli silaha sarılmağa, döyüşməyə məcbur olur. Oğuz igidlərinin birliyi sayəsində hiyləgər və amansız düşmənin öhdəsindən gəlmək mümkün olur.
Vətənə, el-obaya layiq, düşmən qabağında dayana bilən gənclərin tərbiyə edilməsi, doğma yurda sevgi hissinin və dövlətçilik düşüncəsinin