Süjet – nəqli və dramaturji əsərlərdə bir-biri ilə bağlı və ardıcıl surətdə baş verən hadisələrin inkişaf xətti. Süjet fransız sözü olub, əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet xəttinin inkişafında beş əsas mərhələ var
1. Ekspozisiya – (bədii müqəddimə, bədii zəmin, giriş) gələcəkdə baş verəcək hadisələrin təməli qoyulur. Hadisənin başvermə şəraiti aydınlaşdırılır.
2. Zavyazka (düyün) – vəziyyətin getdikcə mürəkkəbləşməsini, hadisələrin inkişafında maneə, düyün yarandığını göstərir.
3. Kulminasiya (zirvə nöqtəsi) – hadisələrin, ziddiyyətlərin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir.
4. Razvyazka (açılış) ziddiyyətlərin tədricən aradan qalxdığını, hadisələrin, düyünün açılmağa doğru getdiyini göstərir.
5. Final – (bədii sonluq) hadisələrin müəyyən sonluğa çatmasıdır.
Tarixi mənzumə − mövzusu tarixdən götürülmüş əsər. Nəzmlə yazılan süjetli lirik və ya epik şeir.
Təcnis – aşıq poeziyasında lirik şeir janrı: qafiyələri cinas üzərində qurulan qoşma. Cinas qafiyələr fonetik tərkibinə, səslənməsinə görə eyni, mənaca müxtəlif olan sözlərdən ibarət olur. Belə qafiyələr fikri daha təsirli, emosional çatdırmağa imkan verir. Təcnisin müxtəlif növləri var. Cığalı təcnisdə hər bir bəndin içində dörd misralıq bayatı verildiyi üçün bənddəki misraların sayı səkkiz olur. Ayaqlı təcnisdə bəndlərin sonuna “ayaq”, “artırma” adlanan beş-altı hecalıq misra əlavə olunur. Dodaqdəyməz təcnisdə b, p, m ̶ qoşa dodaq samitləri işlədilməyi üçün dodaqlar bir-birinə dəymir.
Təhkiyə – epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya təhkiyə (danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.
Təkrir – nitqin bədii və emosional təsir gücünü artırmaq məqsədilə fonetik, leksik və sintaktik vahidlərin təkrarlanması. Təkririn iki növü var: anafora və epifora; anafora – misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora – misranın, cümlənin sonunda işlənən təkrirdir.
Tərcibənd – klassik şeirdə məhəbbət, gözəllik, ictimai-fəlsəfi mövzularda lirik janr. Tərcibənd qafiyələri müxtəlif olan bir neçə bənddən ibarət olur. Birinci bəndin sonundakı beyt digər hissələrin də sonunda təkrar işlədilir.
Tərənnüm – bədii əsərdə hadisələrin, qəhrəmanın hərəkətlərinin, təbiət gözəlliklərinin yaratdığı xoş hisslərin, müsbət arzu və istəklərin obrazlı, ahəngdar ifadəsidir.
Tərkibbənd – klassik Şərq və Azərbaycan şeirində dəyişkən bənd-misra və qafiyə quruluşuna malik şeir. Hər bəndi altı misradan iyirmi və daha çox misrayadək olan tərkibbəndlər var. Bəndlərdəki beytlər aa bb cc dd və ya aa ba ca da şəklində qafiyələnə bilir. Tərkibbənddə hər bəndin sonunda misraları həmqafiyə olan beyt verilir.
Təsvir – bədii əsərdə hadisənin, qəhrəmanın, əşyanın, təbiət mənzərəsinin əlamətlərinin sözlə ifadəsidir.
Tuyuq – klassik türk poeziyasında dördmisralıq şeir növü. “Tuyuq” sözü türkcə duyğu, duymaq sözündəndir. Hikmətamiz məzmun daşıyan tuyuq əruzun rəməl bəhrində yazılır, aaba şəklində qafiyələnir. Klassik ədəbiyyatımızda Qazi Bürhanəddin öz tuyuqları ilə məşhurdur.