Realizm – müəyyən dövrdə realist metodla yazıb-yaradan sənətkarları birləşdirən ədəbi cərəyan.
Remarka – dramatik əsərdə iştirak edən şəxslərin zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, davranışı, hissləri, hərəkətləri, səhnədəki vəziyyət və s. haqqında müəllifin verdiyi izahatdır. Remarka çox zaman mötərizə içərisində verilir, pyesi tamaşaya qoyan rejissor, rolları ifa edən aktyorlar üçün bir göstəriş rolunu oynayır. Remarka pyesi oxuyan oxucular üçün də məlumat, izahat mənbəyi olur.
Replika – əsərdə bir obrazın başqasına cavabı. Dramatik əsərdə aktyorun bu və ya başqa səhnədə söylədiyi son sözlərə də replika deyilir. Bu replikadan (son sözdən) sonra digər aktyor öz rolunun sözlərini deməyə başlayır.
Rədif – misraların sonunda qafiyədən sonra təkrar olunan sözlərdir. Məsələn, M.Ə. Sabirin “Əkinçi” satirasında misralarda qafiyədən sonra gələn “əkinçi” sözləri rədifdir:
Roman – fransız sözüdür, vaxtilə roman dillərindən birində yazılmış əsərlərə deyilib. Epik növün irihəcmli janrı olan roman təhkiyə əsasında yazılır, mürəkkəb həyat hadisələri əhatəli, süjet və surətlər geniş bədii lövhələrlə əks etdirilir. Romanda təsvir edilən hadisələr zaman baxımından geniş bir dövrü əhatə edir, qəhrəmanların sayı çox olur, surətlərin həyat yolu geniş təsvir edilir. Roman, əsasən, nəsrlə yazılır, lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir.
Romantizm – latınca romanlarda olduğu kimi deməkdir. Bu yaradıcılıq metodu ilə yazılan əsərlərdə sənətkar həyatda mövcud olanı deyil, arzu olunanı təsvir edir. O, arzuladığı, xəyalında yaratdığı həyatı, müstəsna şəraitdə fəaliyyət göstərən xəyali surətləri təsvir etməklə həyatı dəyişdirib yeniləşdirməyə can atır. Azərbaycan ədəbiyyatında Nizaminin “Xəmsə”sinə daxil olan mənzum romanlar romantizm metodu ilə yazılmış əsərlərin klassik nümunəsidir.
Rübai – lirik növün cəmi dörd misradan ibarət olan, ictimai-əxlaqi, fəlsəfi məzmun daşıyan janrıdır. aaba şəklində qafiyələnir. Həcmcə kiçik olmasına baxmayaraq, dörd misrada bitkin, məna və ideyaca dərin fikir ifadə edilməlidir. Bəzi rübailərdə misraların dördü də həmqafiyə olur. Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Klassik ədəbiyyatımızda Məhsəti Gəncəvi rübainin böyük ustadı sayılır.
Satira – müxtəlif ədəbi növ və janrlarda (hekayə, şeir, dram və s.) ictimai həyatdakı mənfilikləri qəzəblə ittiham edən, kəskin surətdə ifşa edən əsərlərə deyilir. Satirada ifşaedici, öldürücü gülüş əsas yer tutur, sənətkar həyatın eybəcər tərəflərini qəsdən qabardır, mübaliğəli təsvir edir. O, həmin mənfiliklərin insan həyatına, mənəvi dəyərlərə zidd olduğunu göstərməklə oxucunu düşünməyə, mənfi hallara qarşı mübarizə aparmağa sövq edir. Yumor isə islahedici gülüşdür, oxucuda tənqid hədəfinə mərhəmət hissi doğurur.
Sarkazm – satirik gülüş, kinayənin kəskin forması. Bəzən sənətkar cəmiyyətdə, insan xarakterində və əməllərindəki nöqsanlara münasibətini açıq, satirik mahiyyətli kəskin gülüşlə ifadə edir. Sarkazm komik məzmunlu bədii vasitə olan istehzaya çox yaxındır, lakin istehzadan fərqli olaraq, sarkazmda yüksək emosional münasibət, inkarçı mövqe, qəti etirazın yüksək pafosla ifadəsi əsasdır.
Sufizm – orta əsrlər islam Şərqində geniş yayılmış dini-fəlsəfi təriqət, mənəviəxlaqi düşüncə və davranış sistemidir. Sufi ərəb sözü olub qaba yundan hazırlanmış parça mənası verir. İlk sufilər zənginlikdən uzaq sadə həyat yaşadıqlarını, başqalarından fərqli qrup olduqlarını göstərmək üçün yun paltar geyinirdilər. Onlar nəfsə uymamağı, dünya nemətlərindən uzaqlaşıb mənəvi təmizlənmə yolu ilə Allaha qovuşmağı öz məqsədlərinə çevirmişdilər. Orta əsrlər Azərbaycan klassik ədəbiyyatında sufizm ideyaları geniş əks olunmuşdur.