Litota – yunanca kiçiltmə deməkdir. Təsvir olunan predmet və ya hadisənin ölçüsünün, qüvvəsinin, əhəmiyyətinin əslində olduğu kimi yox, kiçildilmiş şəkildə təqdim olunması litota adlanır.
Metafor – bədii təsvir vasitəsidir, köçürmə deməkdir. Metaforda müəyyən əşyanın əlaməti müqayisə əsasında digər əşyanın üzərinə köçürülür. Məsələn, təbiət oyandı cümləsində insanın oyanmaq əlaməti təbiətin üzərinə köçürülmüşdür. Metafor təşbehə bənzəsə də, aralarında fərq vardır. Təşbehdə həm bənzəyən, həm də bənzədilən işlənilir: Buludlar insan kimi göz yaşı tökdü. Bu nümunədə bulud bənzəyən, insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda isə bənzəyən (təbiət) var, bənzədilənin isə özü yoxdur, ancaq əlaməti (göz yaşı tökmək) köçürülür: Buludlar göz yaşı tökdü.
Məcaz – sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə: epitet, təşbeh, metafor, metonimiya, simvola deyilir.
Mədhiyyə – klassik poeziyada lirik növün janrı. Qəsidənin bu növündə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli, dəbdəbəli üslubda təriflənir.
Məclis – ərəb sözüdür, mənası yığıncaq deməkdir. Bədii əsərin bitkin hissələridir. Məsələn, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi məclislər şəklində yazılıb.
Məqtə – şeirin (xüsusən qəzəl və qəsidələrin) son beytinə deyilir.
Məliküş-şüəra – Yaxın və Orta Şərq ölkələrində hökmdarların sarayda yaratdığı şairlər məclisinə başçılıq edən şair, söz ustadı.
Mənzum roman – nəzm şəklində yazılmış irihəcmli əsər. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əksər poemalar mənzum roman da adlanır.
Mərsiyə – ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatımızda geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin – müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hissləri əks olunur.
Məsnəvi – misraları aa, bb, cc şəklində qafiyələnən, Şərq ədəbiyyatında geniş yayılmış şeir formasıdır. Məsnəvinin hər beyti bitkin bir fikri ifadə edir. Bu formada yazılan əsərlər mövzu cəhətdən müxtəlif, həcmcə qeyri-məhdud olur. Nizaminin “Xəmsə”si, Xətayinin “Dəhnamə” əsəri məsnəvi formasındadır.
Mətlə – şeirin (xüsusən qəzəl və qəsidələrin) ilk beytinə deyilir.
Minacat – klassik ədəbiyyatda Allahın tərifinə həsr olunan şeir janrı, qəsidənin bir növü. Klassik poemanın başlanğıcında verilən minacatda şair Allahı tərifləyir, ondan kömək istəyir.
Misradaxili bölgü – ifada misraların daxilində fasilələrin yaranmasıdır:
Monoloq – bədii əsərdə qəhrəmanın digər surətlərə, yaxud özünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara müraciəti şəklində olur. Monoloq vasitəsilə yazıçı obrazın daxili aləmini, fikir və düşüncələrini əks etdirir. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Rüstəm bəyin əsərin başlanğıcındakı monoloqu onun dünyagörüşünü, daxili aləmini ifadə edir.
Mövzu – yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər, səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.