Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamdan çox- çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun şifahi ifadan yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərir. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.
VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi.Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi.
VII-X əsrlərdə ana dilində yazıb-yaradan sənətkarlar və onların əsərləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Lakin bu qəbildən sənətkarların və onların yaratdıqlarından nümunələrin mövcud olduğunu deməyə ciddi əsaslar vardır.
Qədim və zəngin türk mədəniyyəti ərəb-islam mədəniyyəti ilə yanaşı, qoşa yaşamalı oldu. Ərəb dilində yazıb-yaradan Azərbaycan türk sənətkarları keşməkeşli, fərqli tale yaşasalar da, ümumşərq ədəbiyyatının zənginləşməsinə əvəzsiz töhfələr vermiş və qüdrətli qələm sahibi kimi tanınmışlar. Doğma vətənlərində yaşayaraq və ərəb dilində əsərlər yaratmış sənətkarların bir qismi barədə məlumat vardır. Onlardan Cəfər ibn Məhəmməd Marağai, Bərəkəveyh Zəncani, Əli Abdulla Mülğəçinin şeirlərində xalq ruhunu, milli-mənəvi gerçəkliyi aydın müşahidə etmək olur.
Müxtəlif səbəblər üzündən ərəb ölkələrində yaşayan həmvətənlərimiz də olmuşdur. Onların içində parlaq istedadı ilə təkcə yaşadığı ölkədə deyil, şərq xalqları içində tanınmış sənətkarlar çoxdur. Dövrün siyasi hadisələrinə münasibətlərinə görə fərqlənən bu sənətkarları doğma yurdalarına - Azərbaycana bəslədikləri məhəbbət birləşdirirdi.