Sovet hakimiyyəti qurulduqdan sonra Torpaq Komissarlığında müfəttiş, texnikumda müəllim kimi fəaliyyət göstərən N.Vəzirov 1926-cı ildə Şamaxının Çuxuryurd yaylağında tələbələrin çöl təcrübəsi zamanı ürək xəstəliyindən vəfat etmişdir.
Bədii yaradıcılığa XIX əsrin 70-ci illərində başlamışdır. Maarifçi-realist dramaturgiyanın inkişafında onun böyük xidmətləri olmuşdur. Demokratik-maarifçi ideyaların gücləndiyi bir vaxtda ədəbiyyata gələn ədib əsərlərinin mövzusunu dərindən müşahidə etdiyi həyati hadisələrindən seçmişdir. O, vaxtı keçmiş qaydaların tənqidinə, yeni ideyaların təbliğinə xüsusi önəm vermişdir. İlk əsərlərindən olan “Ev tərbiyəsinin bir şəkli” (1875) komediyasında köhnə tərbiyə üsulu tənqid edilmiş, onun dəyişdirilməsinin zəruriliyi ibrətamiz təsvirlərlə diqqətə çatdırılmışdır.
Komediyanın əsas surətlərindən olan Bayraməli bəy övladlarını – Səfdərqulu və Rəsulu hədə və zorakılıqla tərbiyə etməyə çalışsa da, uğur qazanmır. Müəllifə görə, atanın davranış və hərəkətləri ilə oğlanlarına verdiyi nəsihət arasındakı uçurum onun uğursuzluğunun başlıca səbəbidir.
90-cı illərdə dramaturq bir-birinin ardınca maraqlı pyeslər yaradır. “Daldan atılan daş topuğa dəyər” (1890), “Sonrakı peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdük” (1895), “Müsibəti- Fəxrəddin” (1896) ədəbiyyatımızda dəyərli sənət nümunələri kimi qiymətləndirilir. Bu pyeslər obrazlar qalereyası ilə zəngindir. Müəllif onlarda mənəviyyatsız mülkədarları, qudurğan bəyzadələri, acgöz və yalançı tacirləri, saxtakar ziyalıları və s. mənfi tipləri gülüş hədəfinə çevirir. Bu əsərlər cəmiyyəti düşündürən problemlərlə zəngin olub, konfliktin həyatiliyi ilə diqqəti cəlb edir. Köhnəliklə yeniliyin, zalımlarla məzlumların arasındakı çəkişmə, çarpışma onların hər birində özünü qabarıq göstərir.
“Müsibəti-Fəxrəddin”dən sonra dramaturqun yaradıcılığında dəyişiklik baş verdi; əsərlərinin mövzusunu daha çox mülkədar həyatından götürən ədib indi burjua-