Aşıq Ələsgər qoşmanın hər bəndində dağlarla bağlı yeni fikir deyir, qəlbindən keçənləri səmimi bir dillə ifadə edir. Təbiət vurğunu olan aşıq dağlarla insanı vəhdətdə götürür. Qaçqın, köçkün vəziyyətə düşən insanlar kimi, dağların da məlul görkəm alması aşığın diqqətindən yayınmır, şeirdə real, həyati lövhə kimi təqdim olunur.
“Dağlar” qoşması yüksək bədii keyfiyyətləri ilə də diqqəti cəlb edir. Əsərdə məzmun və forma vəhdəti əvvəldən sona kimi gözlənilir. Lirik qəhrəmanın ovqatına uyğun seçilmiş sözlər misra daxilində ustalıqla əlaqələndirilmişdir. Kədərli ovqata uyğun məcazların (bənzətmə, bədii sual və s.) olması obrazlılığın artmasına əhəmiyyətli təsir etmişdir.
Qoşmada ahəngdarlıq da güclüdür. Bu, ilk növbədə, şeirin musiqiyə, saz havasına uyğun yaradılması ilə bağlıdır. Misradaxili bölgünün ustalıqla yaradılması, qafiyələrin uğurla seçilməsi də ahəngin yaranmasında az rol oynamır.
Qoşmanın bədii xüsusiyyətlərini ətraflı müəyyənləşdirmək üçün misraların, bəndlərin üzərində düşünmək, lirik qəhrəmanın dağlara münasibətinin, hiss və düşüncələrinin hansı bədii vasitələrlə ifadə edildiyini müəyyənləşdirmək vacibdir. Araşdırma qoşmanın ideya-məzmunu, bədii keyfiyyətləri barədə daha əhatəli fikir deməyə, dolğun nəticə çıxarmağa imkan verir.