Təbiətə həsr olunmuş şeirlərində aşığın vətənpərvərliyi, xalqına bağlılığı qabarıq ifadə olunub. Aşığın “Yaylaq”, “Gördüm”, “Dağlar” rədifli qoşmaları ədəbiyyatımızda doğma yurdun gözəlliyinə həsr olunmuş ən maraqlı əsərlərdəndir. “Yaylaq” rədifli qoşmasında və gəraylısında yazda el-obanın üz tutduğu, el gözəllərinin, igidlərin qaynaşdığı, aşıqların çal-çağırı eşidilən səfalı yaylaqlar, seyrəngahlar tərənnüm edilir:
Aşıq Ələsgərin yaradıcılığında nəsihətlərin əks olunduğu şeirlər – ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan “Gərəkdi”, “Olmaz” şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir:
Aşığın yaradıcılığının bir qismini cəmiyyətdəki nöqsanları, ədalətsizliyi, istismarı tənqid edən ictimai motivli şeirlər təşkil edir. “Çıxıbdı”, “Görmədim” əsərlərində həyatın bərkini-boşunu görmüş müdrik aşıq zəmanəsində müşahidə etdiyi nöqsanlara, zülm və haqsızlığa, özbaşınalığa kəskin tənqidi münasibətini bildirir. Belə şeirlərdə tənqid hədəfləri “bivəfa,” “nakəs”, “müxənnət”, “namərd” adamlar, mahalda, kənddə özbaşınalığa rəvac verən çar hakimləri – naçalnik, pristav, koxa, eləcə də istismarçı ağalar, quldurlar, ikiüzlü, fırıldaqçı ruhanilərdir.
Bu böyük el sənətkarı aşıq şeirinin, demək olar, bütün janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır. Tükənməz xalq yaradıcılığı çeşməsindən süzülüb gələn bu təkrarsız sənət nümunələri xəlqiliyi, dil sadəliyi, üslub gözəlliyi, forma əlvanlığı ilə dinləyicinin, oxucunun bütün dövrlərdə zövqünü oxşamış, onda gözəl hiss və duyğuların baş qaldırmasına səbəb olmuşdur. Qoşma, gəraylı, təcnis və dodaqdəyməzləri məna dərinliyi, səmimilik, təbiilik, həyatilik, forma bitkinliyi baxımından yarandığı gündən örnək olmuşdur. Bu əsərlər söz-