qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır.

Nağıllar mövzu, məzmun etibarilə, əsasən, üç yerə bölünür: heyvanlar haqqında nağıllar, sehrli nağıllar və məişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri vardır. Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyiri və şəri təmsil etməklə, heyvanlar iki qrupa bölünür.

Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr (simurq quşu, uçan xalça və s.) kömək edir.

Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Belə nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Bu qəhrəmanlar öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan üzüağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər.

Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər nümunələrdən fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar əsərlərində yaşadıqları zəmanənin mühüm hadisələrinə münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşlar. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.

Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıq adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan kimi sənətkarlar aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır.

Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və digərləri ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.

Aşıq yaradıcılığının məhsulu olan dastan epik-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir.

“Kitabi-Dədə Qorqud”da, eləcə də “Koroğlu”da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.

“Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarə