Şah münəccimbaşıya müraciət edib dedi ki:
– Məlun, bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər.
Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi. Amma ölümün qorxusundan onu aşkara çıxara bilmədi. Söylədi:
– Qurban olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin. Gedim “Zici-Uluğbəy”i nəzərdən keçirim, qayıdım söyləyim.
Şah icazə verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib söylədi:
– Mövlana Cəmaləddin mübarək hüzurunuza icazə istəyir.
Mövlana otağa daxil olub, şaha lazım olan sitayişi əmələ gətirdi. Şahın işarəsi ilə oturub söylədi:
– Qibleyi-aləm sağ olsun, bu bəndəniz qocalıq səbəbindən şah sarayından kənar olub, guşənişin olmuşamsa da, lakin bu vəziyyət, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə yaxınlaşmasından qibleyi-aləmin zati-mübarəkinə böyük zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim, qabaqcadan hadisəni elan edim və aradan qaldırılmasına tədbir göstərim. Bu məqsədlə ki, bəlkə də, bu keyfiyyət cavan münəccimlərin iti gözlərindən gizli qalmış olar.
Şah kifayət dərəcədə xoşhal olub buyurdu ki:
– Mövlana, biz elə o xüsusda söhbət edirdik. Hadisə məlumdur, tədbirinizi söyləyin.
Mövlana söylədi:
– Bu nəhs günlərdə, yəni Novruzdan on beş gün keçənədək gərək qibleyi-aləm şahlıqdan əl çəkə və taxt-tacı günahkar və ölümə layiq bir nəfərə təslim edə, özü də xalqın gözündən gizlənə. Belə olduqda ulduzların təsiri haman günahkarın başında çatlayacaq, çünki o vaxt İran padşahı odur. Elə ki hadisə baş verdi və taxta oturan o günahkar fəlakətə yetişdi, o zaman qibleyi-aləm gizləndiyi yerdən çıxıb yenə taxt-taca malik olar, tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm taxt-tacdan müvəqqəti əl çəkir, ta ki taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padşah bilələr. Gərək hərəmxana xatunlarının da talağı verilib kəbin kağızları cırıla. Sonra onlara təklif oluna ki, dəxi padşah deyil, adi camaatdan biri olan Abbas Məhəmməd oğluna ikinci dəfə kəbin kəsdirsin. Kasıblığa və qənaətə razı olarlarmı? Hansı birisi ki razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla, hər kəs ki razı olmasa, həmin saat buraxıla.
Münəccimbaşı qorxudan qurtardı, şahın üzündən tamamilə qorxu əsəri çəkildi, ağarmış rəngi özünə gəldi. Məclis əhlindən mövlananın ağlına və kamalına afərin sədası göyə qalxdı. Şah gülər üzünü mollabaşıya tutub sual etdi:
– Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkar və öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt-tacı ona həvalə edək?
Mollabaşı cavab verdi:
– Pərvərdigari-aləm qibleyi-aləmə uzun ömür kəramət etsin. Bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır ki, bütün yer üzündə ondan çox günahkar və ölümə layiq nəfər tapılmaz. Adına Yusif Sərrac deyərlər. Məlum deyildir ki, harada tərbiyə tapıbdır. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işipeşəsi məlum olmayan oğru-quldurdan özünə mürid cəm edib, həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdır.