Münəccimbaşı ərz elədi ki:
– Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim.
Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən yüksək bir mənsəbdə və səltənət taxtının üstündə olanlar üçün.
Bu səbəbdən münəccimbaşının xəbəri cavan şahı qorxuya saldı. Haman saat rəngi qaçıb, guya ki bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki:
– Xub, mürəxxəssən, get!
Münəccimbaşı baş əyib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə getdi, sonra xacə Mübarəki səslədi. Xacə hüzura daxil olduqda buyurdu ki:
– Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın!
Xacə çıxıb bir az vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buyruğunu gözlədilər. Şah münəccimbaşının dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki:
– Aya, sizin rəyinizə görə, mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?
Məclisdəkilər hamısı heyrət içində qaldı. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:
– Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxtlarında bir para ağıldankəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Qərar qoydum ki, şah qapısının nökərlərindən hər kəs bir vəzifəyə və ya bir vilayətin hökumətinə mənsub olsa, gücü çatdığı qədər, tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxşiş olaraq xəzinəyə təslim etsin və əlavə nə zaman ki qibleyi-aləm bir əmirin evini öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi, şükür olsun Allaha, pul ilə doludur. Vəzirlik işlərinin irəli getməsində kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz, amma ulduzların müqabilində tədbir göstərməyə, həqiqətən, acizəm.
Bundan sonra sərdar Zaman xan başladı:
– Bu sədaqətli nökəriniz, saqqalımın tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Məsələn, on il bundan qabaq Osmanlı tayfası Bəkir paşa Dəmirçi oğlunun sərkərdəliyi altında yetmiş min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Qibleyi-aləmin böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Əgərçi bizim qoşunumuz da say-hesabla Osmanlı tayfasından kəm deyildi, ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu doğru yoldan azmışların qarşısında tələfə verdirim. Ona görə əmr etdim ki, Azərbaycan mülkündə bütün kəndlilərin əkin yerlərini xarab etsinlər və mal-qaralarını qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Bəkir paşa sərhədimizə daxil olduğu zaman, hərçənd qarşısında bizim qoşundan bir nəfər görmədi, amma yollar o dərəcədə xarab olmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə böyük zəhmətlə Təbrizə varid oldu. Hər tərəfə