Ş a h b a z b ə y . Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanıyır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdandan sonra hər yerdə yerim olar.
Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır. Şahbaz bəy
M ə s t ə l i ş a h . Səlam-əleyküm!
Ş ə h r ə b a n u x a n ı m (başın yuxarı qovzuyub). Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur.
M ə s t ə l i ş a h (oturub). Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!
Ş ə h r ə b a n u x a n ı m . Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb: bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, aparmasın.
M ə s t ə l i ş a h . Xanım, bu cüzvi, yüngül iş deyilmiş, bəlkə, çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Parisin, ya müsyö Jordanın başında çatlasın.
Ş ə h r ə b a n u x a n ı m . Baba dərviş, mən anlamadım, necə gərək cadunun əsəri ya Parijin, ya müsyö Jordanın başında çatlasın?
M ə s t ə l i ş a h . Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olar ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki çox uşaqdır, cavandır.
Ş ə h r ə b a n u x a n ı m . Bıy, Allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq?!
M ə s t ə l i ş a h . Bu surətdə gərəkdir ki, divlərə, ifritələrə əmr edim ki, Parisi xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.
Ş ə h r ə b a n u x a n ı m . Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı?
M ə s t ə l i ş a h . Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Hansı işlərimi söyləyim? On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymarıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq