Ş a h b a z b ə y (gülümsəmiş). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirrəm də.
Ş ə h r ə b a n u x a n ı m. Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var?
Ş a h b a z b ə y. Əlbəttə, əmimdən izin almamış ki gedə bilmənəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır.
Ş ə h r ə b a n u x a n ı m (acıqlı). Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parisə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parisə gedirsən?!
Ş ə h r ə b a n u x a n ı m (üzün kiçik qızına tutub). Gülçöhrə, get, atan damın dalında çobanlar ilə danışır, de ki, tez bir bura gəlsin, vacib iş var.
İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir.
Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə söykənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir.
Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
M ü s y ö J o r d a n. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünki heyifdir, Şahbaz bəy kimi cavan və zirək və sahib-savad oğlan firəng dilini bilməyə; mən təəhhüd edirəm ki, onu Parisə aparıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər. İndi də mənim ilə durub-oturmaqdan bir para kəlimatı hifz edibdir.