Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, Novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə ondan niyə ağladığını soruşur. Şərəfnisə xanım ağlamağının səbəbini demir, Gülçöhrəni itələyir. Gülçöhrə yıxılıb, durub ağlaya-ağlaya anası olan dama gedir. Şəhrəbanu xanım gəlib Şərəfnisə xanımdan ağlamağının səbəbini soruşur.
Ş ə h r ə b a n u x a n ı m. Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir, ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlın gözün qabağında. Yeməyin bol, geyimin bol, dəxi niyə ağlayırsan?
Ş ə r ə f n i s ə x a n ı m. Ana, vallah ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım?
Ş ə h r ə b a n u x a n ı m (gülə-gülə). Niyə demirsən ki, adaxlım da gözümün qabağında?
Ş ə r ə f n i s ə x a n ı m. Adaxlım kimdir?
Ş ə h r ə b a n u x a n ı m. Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra, Allah qoysa, sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin.
Ş ə r ə f n i s ə x a n ı m. Bıy, anam nələr söyləyir. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm, atam kimə toy tədarükü görür.
Ş ə h r ə b a n u x a n ı m (təəccüblə). Şahbaz gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevirsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan da, ağlayırmışsan. Gerçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?
Ş ə h r ə b a n u x a n ı m. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdır?!
Ş ə r ə f n i s ə x a n ı m. Nə bilim, cahıl uşaqdır. Müsyö Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzüaçıq oturubdururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o da dəli-divanə olub deyir ki, gərək gedəm bir Parisi görəm. Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa, gecə atımı minib, Arazı o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Parisi görüb seyr edəcəyəm.
Ş ə h r ə b a n u x a n ı m (toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzün tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə sözdür.
Gülçöhrə qaçır. Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.
Ş a h b a z b ə y. Əmidostu, nə var, xeyir ola?