“Sərgüzəşti-vəziri-xani Lənkəran” (1851) komediyasının mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir. Ədibin xəsislik mövzusunda yazdığı “Hekayəti-mərdi-xəsis” (1852) komediyası qəhrəmanın adı ilə “Hacı Qara” da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəman müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. O, əməyə xor baxır, oğurluq, quldurluq arzusu ilə yaşayır. Bütün bunlar o dövrün ictimai bəlası kimi əsərdə tənqid olunur. Sonuncu komediyası olan “Mürafiə vəkillərinin hekayəti” (1855) əsərinin mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür. Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir.
Komediyanın əsas tənqid hədəfi olan Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.
M.F.Axundzadə “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni realist bədii nəsrin dəyərli nümunəsini yaratmışdır. Bu əsərlə o, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.
Azərbaycan tarixinə həm də böyük filosof kimi daxil olan M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” adlı fəlsəfi əsəri köhnəlik əleyhinə və yeniləşmənin zəruriliyinə çağırışları özündə əks etdirir.
Bu görkəmli sənətkarın əsərləri Azərbaycan ədəbiyyatında maarifçi realizmin mükəmməl nümunələridir. O, maarifçi realizm ədəbi cərəyanının yaradıcısı kimi Azrbaycan ədəbiyyatında yeni bir mərhələ yaratmağa nail olmuşdur.