Azadlıq aşiqi olmaq, mübarizlik, vətənpərvərlik Nigarinin insanda yüksək dəyərləndirdiyi məziyyətlərdir. Şairin öz Vətəninə, “dünyanın behişti” adlandırdığı Qarabağa həsr edilmiş şeirlərində bu mövqe ön plana çəkilmişdir:
Şifahi xalq yaradıcılığı bütün yüzillik boyu inkişaf etməklə yanaşı, yazılı ədəbiyyata təsirini də davam etdirirdi. Aşıq yaradıcılığı məzmun və forma – şəkil baxımından zənginləşir, ictimai məzmun qazanırdı. Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Pəri, Aşıq Əziz, Molla Cümə, Aşıq Mahmud, Aşıq Əhməd kimi görkəmli aşıqların yaradıcılığında saf, ülvi sevgi hislərinin, insan və təbiət gözəlliklərinin, mənəvi dəyərlərin tərənnümü, zəmanədən şikayət motivləri aparıcı yer tuturdu. Aşıq şeirinin növ və şəkilləri: qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməz, dildönməz və s. sayca çoxaldığı kimi, keyfiyyət baxımından da təkmilləşir, zənginləşirdi.
Aşıq şeiri tərzində yazan şairlərin sayı daha da çoxalırdı. Qasım bəy Zakir, Mirzə Baxış Nadim, Əbülqasim Nəbati, Mirzə Mehdi Şükuhi, Əndəlib Qaracadaği və b. qoşma, gəraylı və s. janrlarda yazdıqları əsərlərdə həqiqi məhəbbəti, saf insani duyğuları tərənnüm edir, xalq dili xəzinəsindən gen-bol bəhrələnir, aydın, anlaşıqlı məcazlardan istifadə edirdilər. Xalq şeiri üslubunda yazılan əsərlərdə ictimai motivlərə də geniş yer verilirdi.
Əsrin birinci yarısında satirik poeziya təşəkkül tapmağa başladı. Bu, ədəbiyyatda realizm meyillərinin güclənməsi ilə bağlı idi. Doğrudur, ədəbiyyatımızın əvvəlki dövrlərində xüsusən xalq yaradıcılığında satirik gülüşə rast gəlmək mümkündür. Yazılı ədəbiyyatda zəmanənin nöqsanlarına kəskin satirik münasibət az olmamışdır. Lakin bunlar bir sistem halında olmamış, ədəbi cərəyan şəklini almamışdır. 30–40-cı illərdə Qasım bəy Zakir, Baba bəy Şakir, Mirzə Baxış Nadim və digər satirik şairlərin əsərləri ədəbiyyatımızdakı bu boşluğu doldurdu. Tezliklə satira aşıq şeirində də özünü ardıcıl göstərməyə başladı. Ədalətsiz çar hakimləri, rüşvətxor məmurlar, hökumətin əzici qanun-qaydaları, zülmkar bəy və mülkədarlar, ikiüzlü ruhanilər realist-satirik şeirlərin əsas hədəflərinə çevrildilər.
Yaradıcılığı sonrakı illərə təsadüf edən S.Ə.Şirvani satirik ədəbiyyatın zənginləşməsinə qiymətli töhfələr verdi.
Əsrin ikinci yarısında Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan şeir məclisləri dövrün tanınmış, istedadlı şairlərini bir araya gətirirdi. “Məclisi-üns”, “Məclisi-Fəramuşan” (Qarabağda), “Beytüs- Səfa” (Şamaxıda), “Məcməüş-şüəra” (Bakıda), “Fövcül-füsəha” (Lənkəranda), “Əncüməni-şüəra” (Ordubadda) adlanan bu məclislərdə klassik ədəbiyyatımız müzakirə edilir, tanınmış şairlərin əsərlərinə nəzirələr yazılır, dini, fəlsəfi mövzularda fikir mübadiləsi aparılırdı.