Elmi, maarifi, tərəqqini yüksək qiymətləndirən A.Bakıxanov geriliyin, cəhalətin əleyhinə çıxmış, maarifçi fikirlərində ardıcıl olmuşdur.
Əsrin əvvəllərində ədəbiyyatda poeziya aparıcı mövqeyə malik idi. A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, S.Ə.Nəbati, Heyran xanım kimi sənətkarlar klassik şeir janrları ilə yanaşı, həyatı və insan mənəvi gözəlliyini əks etdirən şeirləri ilə də diqqəti cəlb edirdilər.
Şair-mütəfəkkir Mirzə Şəfi Vazeh Azərbaycan – Qərb ədəbi-mədəni əlaqələrinin yaranıb inkişaf etməsində böyük rol oynamışdır. Onun şeirləri alman ziyalısı Fridrix Bodenştedtin tərcüməsində “Şərqdə min bir gün”, “Mirzə Şəfi nəğmələri” kitablarında nəşr olunmuş, bir çox dillərə tərcümə edilərək, Avropada böyük şöhrət qazanmışdır. Lirik şair olan Vazehin şeirlərində məhəbbət mövzusu əsas yer tutur. Bu əsərlərdə insanın sevinc və kədər hissi, həyəcanları geniş əksini tapmışdır. Şair lirik qəhrəmanın qəlb aləminə dərindən nüfuz edir, təzadlı duyğularını aydın şəkildə əks etdirir:
Mir Həmzə Seyid Nigari XIX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindəndir. Böyük sufi şair və mütəfəkkir Seyid Nigari Qarabağ mahalda anadan olmuşdur. Təriqət şeyxi olan ədib öz sələflərinin bədii irsinə dərindən bələd olmuş, Seyid Nigari və Qarabaği təxəllüsləri ilə təsəvvüf mövzularında Allah, peyğəmbər və əhli beyt eşqindən bəhs edən, insanı mənəvi dəyərlərə yiyələnməyə səsləyən əsərlər yazmışdır. Nigarinin bədii söz və fikir xəzinəsi olan divanında Azərbaycanda və Türkiyədə yazıb-yaratdığı, həm heca, həm də əruz vəznində şeirləri toplanmışdır.