Doğrudur, Həmzə Koroğluya xəyanət edir, amma o, xaraktercə çox ziddiyyətlidir. Onu anlamaq, ona birmənalı qiymət vermək dinləyici, oxucu üçün bir sıra hallarda çətin olur. Koroğlunun: “Sən olasan duz-çörəyim, Həmzə, incitmə Qıratı” sözlərinin müqabilində keçəl yekəxana-yekəxana ona ağıl, məsləhət verir: “Koroğlu, igidliyin var, adın-sanın var. Mərd adamsan. Bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilinə gətirib başımıza vurursan? Heç sənə yaraşan sifət deyil. Bir də bir at nədi ki, onun üçün bu qədər yalvarıb-yaxarırsan?”
Bu sözləri də Həmzə deyir: “Mən sənin nəinki atını, heç bir tükünü də qıyıb Hasan paşaya vermərəm”.
Bu nədir: hiyləgərlik, yoxsa səmimilik?
Bu obrazı əhatəli təhlil etmək, ona əsaslandırılmış qiymət vermək üçün mənbələrin araşdırılması, öyrənilməsi vacibdir.
Gözü qolun ilk cümlələrinə sataşan hər kəs onu birnəfəsə oxuyub başa çatdırmağa çalışır. Qolu aşığın ifasında dinləyənlər isə diqqət kəsilir, nəfəslərini dərmədən hadisənin necə nəticələnəciyini intizarla izləyirlər. Bu, əsrlər boyu beləcə davam edib. Bunun səbəbini dastanın yüksək bədii kamilliyi ilə izah etmək mümkündür. Ümumilikdə dastanda müşahidə edilən bədii keyfiyyətləri bu qolda da görmək olur. Süjetin son dərəcə maraqlı olması, kompozisiyanın bütövlüyü, dilin şirinliyi, obrazların nitqindəki özəllik, təsvirlərin təbiiliyi, yumor çalarları qolda bədiiliyi yaradan və artıran vasitələr kimi diqqəti cəlb edir. Qolda obrazlılığın yaranmasında mühüm vasitə kimi məcazların ayrıca yeri var. Onların obrazlılığın yaradılmasındakı rolunu aydınlaşdırmaq üçün bədii mətnin üzərində ciddi düşünmək, mənbələrdəki fikirlərdən bəhrələnmək məqsədəuyğundur.