– İndi növbə ikincinindi.
Elə bu sözdə bir qasid toz-torpağa bulanmış özünü saldı məclisə. Hasan paşaya baş əyib bir namə verdi. Hasan paşa naməni oxuyub gördü ki, Ərəb Reyhandandı. Yazıb ki: “Hasan paşa, eşitmişəm, Koroğlunun üstünə qoşun çəkirsən. Bil, agah ol! Koroğlu mənim düşmənimdi. Əgər razı olsan, mən də onun üstünə gedərəm”.
Hasan paşa şadlığından bilmədi ki, nə etsin. O, Ərəb Reyhanı tanıyırdı. Bilirdi ki, zor adamdı. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Üzünü məclisə tutub dedi:
– İkinci adam da öz ayağı ilə gəldi.
Bunu deyib Hasan paşa badəni qaldırıb qasidə verdi, dedi:
– Badəni iç! İçindəki ləli də aparıb ağana ver! Deynən ki, yolunu gözləyirik. Tez gəlsin. Gözümüz üstə yeri var.
Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan paşa vəzirinə tapşırdı ki, qasidi aparıb yedirsin, içirsin, bir az da pul verib yola salsın, naməyə də cavab yazsın. Vəzir qasidi də götürüb getdi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Hasan paşa dedi:
– Ərəb Reyhandan.
Hamı şad oldu. Hasan paşa əmr elədi, çalanlar, oynayanlar gəldilər. Kef başlandı. Elə ki yedilər, içdilər, damaqlar duruldu, Mehtər Murtuz ədəblə baş əyib dedi:
– Paşam sağ olsun, xotkara da qurban olum, sənə də. Sizin buyruğunuz Allah buyruğudur. İndi ki bizi göndərirsən, gedəcəyik. Ancaq orasını da deyim ki, Koroğlunun igidliyinin yarısı Qıratdadır. Nə qədər ki o, Qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik. Əgər Koroğlunun müzməhəll eləmək istəyirsənsə, birtəhər elə, o atı onun əlindən çıxart.
Söz, deyəsən, Hasan paşanın beyninə batdı. Məclisdəkilər də Mehtər Murtuzun sözünü təsdiqlədilər. Hasan paşa dedi:
– Murtuz, dərdi bilən dərmanını da bilər. De görüm, nə təhər eləmək olar ki, Qıratı onun əlindən çıxardaq?
Mehtər Murtuz dedi:
– Paşa, vallah, nə bilim? Day onun atını pul ilə alası deyilik ki? Gərək elə bir adam ola ki, canından keçə, Çənlibelə gedə. Ya Qıratı gətirə, ya da ki öz başını Koroğluya təslim verə.
Paşa bir məclisə baxdı. Hamı başını aşağı dikmişdi. Hasan paşa özü də bilirdi ki, bu çox çətin işdi. Heç kəs buna qol qoymaz. Fikirləşib yol axtarırdı ki, nə eləsin, birdən məclisin lap başmaq çıxanından cındırından cin ürkən bir adam qalxdı ayağa. Paşa baxdı ki, bu, keçəl Həmzədi.
Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məscidə qoymazdılar ki, başmaq oğurlayar, tövləyə qoymazdılar ki, quşqun oğurlayar. Keçəl Həmzə kef məclisi başlananda gəlib birtəhər özünü salmışdı içəriyə ki, qarnını doyursun.
Qərəz, Həmzə məclisin ortasına yeriyib dedi:
– Paşa sağ olsun, bu işə mən gedirəm. Qıratı gətirdim, gətirmişəm, gətirə bilmədim, Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə.
Hasan paşa dedi:
– Bala, Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qəni edərəm.
Həmzə dedi: