Biri dedi:
– Adamlarından ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək.
Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi.
Bunlar deyişməkdə olsunlar, sənə kimdən deyim, toqatlı Hasan paşadan. Bu Hasan paşa kim ola, kim olmaya, haman toqatlı Hasan paşa ola ki, atdan ötrü Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu.
Hasan paşa xotkarın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi, dava eləməyin min bir fəndini bilirdi. İndiyə kimi xotkar onu hansı qulluğa buyurmuşdusa, birə-beş yerinə yetirmişdi.
Qərəz, Hasan paşa da bu məclisdə idi. Elə ki səs-küy qalxdı, xotkar fikir verib gördü ki, bu danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil; hamı ondan qorxur. Elə birtəhər eləmək istəyirlər ki, ilanı Seyid Əhməd əli ilə tutalar. Xotkar üzünü Hasan paşaya tutub dedi:
– Hasan paşa, söz sənindi.
Hasan paşa durub xotkara baş əyib dedi:
– Xotkar sağ olsun, xotkar əmri ki var, Allah əmridi. Sən doğru buyurursan. Koroğlu, doğrudan da, çox tüğyan edib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki iş bu yerə çatıb, baş üstə. Onun atasının gözlərini mən çıxartdırmışam. İnşallah, xotkarın sayəsində özünü də bu İstanbul şəhərində dar ağacından mən asaram. Ancaq, xotkar sağ olsun, onun çoxlu adamları var ki, gəlib lap böyük-böyük məclislərə girib söhbətlərə qulaq asırlar. Sonra ona xəbər verirlər, odu ki fikrimi sənə təklikdə deyəcəyəm.
Məclis adamları Hasan paşanın bu sözündən ürəkdə rəncidə oldularsa da, xotkarın qorxusundan büruzə verə bilmədilər.
Xotkar Hasan paşaya əhsən deyib məclisi dağıtdı. Elə ki tək qaldılar, Hasan paşa dedi:
– Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tərəfdən qoşun çəkib onu halqa-mərəkə eyləyək, hamısını bir yerdə qırıb qurtaraq. Yoxsa bir onu öldürməklə bir kar aşmaz.
Xotkar dedi:
– Hasan paşa, sənə qırx gün möhlət verirəm. Əgər onu yox elədin, səni özümə sədr-əzəm eyləyəcəyəm. Yox, eləyə bilmədin, onda...
Hasan paşa dik qalxıb dedi:
– Sənə qurban olum! Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özüm özümü həlak eləyərəm. Ancaq sən bütün paşaların, qoşun böyüklərinin ixtiyarını mənə ver!
Xotkar dedi:
– Külli-ixtiyarsan. Necə istəyirsən, elə də elə!
Hasan paşa baş əyib mürəxxəs olmaq istəyəndə xotkar dedi:
– Bir də bu zalım oğlu zalım bu tərəfə bir dənə karvan buraxmır. Hamısını soyur. Gərək birtəhər eləyib yaraqlı-yasaqlı bir karvan düzəldəsən, şəhərə bir az mal gətizdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bəs xotkar qalıb Koroğlunun əlində aciz. Şəhərə mal gətirtdirə bilmir.
Hasan paşa əlini gözünün üstünə qoyub dedi:
– O da mənim gözüm üstə!