Burada M1 - güllənin kütləsi, V1 - güllənin başlanğıc sürəti, M2 - silahın kütləsi, V2 - təpmədir.
Atəş açılarkən silahın lüləsi silkələnir. Güllə lülədən çıxarkən belə titrəmə nəticəsində istənilən tərəfə sapa bilər. Atış üçün dayaqdan düzgün istifadə edilmədikdə, silah çirkli olduqda və s. bu cür sapmalar daha da artır.
Lülənin titrəməsi, silahın təpməsi və s. amillər lülə kanalı oxunun atəşəqədərki istiqaməti ilə güllə lülə kanalından çıxan andakı istiqaməti arasında müəyyən bucaq yaradır. Bubucaq uçma bucağı adlanır. Uçma bucağını eyni cür saxlamaq üçün atış üsullarına və silahın saxlanması qaydalarına ciddi riayət etmək lazımdır.
Güllə havada düz xətt üzrə uçuşa başlayır. Bu xətt güllə kanaldan çıxan andakı vəziyyətdə lülə kanalı oxunun davamıdır. Həmin xətt tullama xətti adlanır. Havada uçarkən gülləyə ağırlıq qüvvəsi və havanın müqavimət qüvvəsi təsir göstərir. Ağırlıq qüvvəsi gülləni get-gedə tullama xəttindən aşağı endirir. Havanın müqavimət qüvvəsi isə güllənin uçuş sürətini azaldır, onun uc hissəsini geriyə döndərməyə çalışır. Bu qüvvələrin təsiri nəticəsində güllə havada tullama xəttindən aşağıda yerləşən əyri üzrə uçmaqda davam edir.
Fəzada uçarkən güllənin kütlə mərkəzinin cızdığı əyri xətt trayektoriya adlanır.