Düşmən hücumunun atəş hazırlığı vaxtı manqa komandiri və müşahidəçidən başqa, qalan şəxsi heyət blindajlarda, səngərlərin dibində, qəlpə əleyhinə sipəraltı səngərlərdə, oyuqlarda gizlənir, öz mövqelərini cəld tutmaq üçün hazır olurlar.
Düşmən hücuma keçərkən komandirin əmri ilə manqa dərhal döyüşə hazırlaşır, silahların effektli atəş məsafəsinə çatdıqda düşmənə atəş açır.
Düşmən müdafiənin ön xəttinə yaxınlaşdığı anda atəş ən yüksək intensivliyə çatdırılır. Onun döyüş texnikası tank əleyhinə idarəolunan raketlərin, qumbaraatanların, BMP-lərin atəşləri və qumbaralarla məhv edilir. Düşmən piyadaları pulemyot və avtomatların atəşi ilə tanklardan uzaqlaşdırılaraq məhv edilir. Manqanın tank əleyhinə vasitələrinin atəşləri, ilk növbədə, ön xətdəki maneələri keçməyə çalışan trallı* tanklara istiqamətləndirilir, sonra başqa zirehli maşınlara atəş açılır. Zədələnmiş tankı tərk edən ekipaj isə atıcı silahların atəşi ilə məhv edilir.
Düşmən piyadaları mövqeyə 30-40 m yaxınlaşan zaman manqanın şəxsi heyəti onları qumbaralarla atəşə tutur, mövqeyə soxulmuş düşməni yaxından atəşlə, əlbəyaxa döyüşlə məhv edir.