Mühafizə düşmən kəşfiyyatının qoşunlarımızın yerləşdiyi rayona daxil olmasına yol verməmək, bölmələrimizin açılıb döyüşə hazır vəziyyətə gətirilməsinə vaxt qazanmaq, həmçinin əlverişli şərait yaratmaq məqsədilə təşkil edilir və həyata keçirilir. O, düşmənin ehtimal olunduğu istiqamətdə, əsas qüvvələrdən aralıda taqım komandirinin göstərişi ilə manqa komandiri tərəfindən təşkil edilir.
Öz hərbi qulluqçularını tanımaq üçün sutkalıq buraxılış sözü təyin edilir. Buraxılış sözü kimi silahın, yaxud döyüş texnikasının adı - “Tank”, cavab sözü kimi isə buraxılış sözünün baş hərfi ilə başlayan yaşayış məntəqəsinin adı, məsələn, “Tərtər” təyin edilir
Mühəndis təminatı qoşunlara vaxtında və gizli hərəkət etmək, açılmaq, manevr etmək, döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi şərait yaratmaq, qoşunların və obyektlərin bütün məhvetmə vasitələrinin dərəcəsini artırmaq, həmçinin düşməni itkiyə məruz qoymaq və onun fəaliyyətini çətinləşdirmək məqsədilə təşkil olunaraq həyata keçirilir.
Mühəndis təminatı tapşırıqları manqanın bütün şəxsi heyəti tərəfindən yerinə yetirilir. Manqa öz gücü ilə atəş və müşahidə aparmaq üçün qurğular, sığınacaqlar qurur, öz mövqelərini maskalayır.
Kimya təminatı bölmələrə Kütləvi Qırğın Silahları (KQS) zərərvurma amillərinin, dağıntıların təsirinin azaldılması, düşməni itkiyə məruz qoymaq məqsədilə təşkil edilir və yerinə yetirilir.