Düşmənin kəşfi onun yerini, tərkibini, fəaliyyətinin xarakterini, mövqelərinin mühəndis təchizatını, maneələr sistemini təyin etmək və s. məqsədilə aparılır.
Ərazinin vizual kəşfiyyatı relyef xüsusiyyətlərini, təbii əngəllərin mövcudluğunu, torpağın, yolların, su mənbələrinin vəziyyətini, su maneələrinin xarakterini, ərazinin bölmələrinin fəaliyyətinə təsirini və s. müəyyən etmək məqsədilə aparılır.
Kəşfiyyata verilən əsas tələblər operativlik, gizlilik, dürüstlük, dəqiqlikdir. Məlumatlar müəyyən olunmuş vaxtda, xüsusi əhəmiyyətlilər isə dərhal məruzə edilir.
Düşməni və radioaktiv, kimyəvi, bioloji, bakterioloji şəraiti müşahidə etmək üçün kəşfiyyat hər bir manqada (tankda) aparılır. Müşahidə cəbhənin önündə, cinahlarda düşməni və ərazini yaxşı görməyi, düşmən atəşindən qorunmağı təmin etməlidir, bölmələrimizdən oraya gizli yollar olmalıdır.
Müşahidə postu (müşahidəçi) düşməni və ərazini yaxşı müşahidə etməyi təmin edən ərazidə yerləşdirilir.