Hücumun qarşısını almaq və ya onu ləngitmək məqsədilə düşmən başqa keçid olmayan yerdə zəhərli sahələr yarada bilərdi.
Zəhərli maddələrin tətbiqi əlamətlərini aşkar edən kimi əsgər əleyhqaz geyinməli, komandirinə məruzə etməli və sonra onun göstərişi ilə hərəkət etməlidir. Hücumda zəhərli ərazinin yanından ötüb-keçmək mümkün deyilsə, bu ərazini əvvəlki döyüş düzülüşündə keçmək lazımdır.
Zəhərli ərazini uzunməsafəli qaçışla çox cəld keçmək lazımdır. Nəfəs dərmək üçün bitki örtüyü olmayan sahə seçmək lazımdır. Xəndəklərdən, çuxurlardan, səngərlərdən və s. yerlərdən kənar keçilməlidir. Belə çuxurlarda zəhərli hava çöküntü əmələ gətirir. Toz qaldırmaq, bitkilərə toxunmaq olmaz.
Zəhərli ərazidən çıxdıqdan sonra döyüşçü paltarını, təchizatını və silahını zəhərli maddələrdən təmizləməlidir. Fərdi deqazasiya paketi vasitəsilə yerinə yetirilən bu əməliyyat deqazasiya adlanır.
Bundan sonra döyüşçü kürəyini küləyə əks döndərməli və mühafizə vasitəsini çıxarmalı, mühafizə vasitəsini küləyin əsdiyi istiqamətdə tullayaraq geri çəkilməlidir.
Döyüşün əsas məqsədi düşməni məhv etməkdir. Bunun üçün atəşin əsas vasitə olduğunu artıq bilirik. Hücumun gedişində əks-həmləni dəf edərkən əsgərlərimiz, hər şeydən əvvəl, atış üçün əlverişli mövqe seçir və onu təchiz edirdilər. Bu mövqe elə seçilirdi ki, düşməni müşahidə etmək, ona atəş açmaq mümkün olsun. Seçilmiş mövqe düşmənin müşahidəsindən gizli qalırdı və onun atəşindən qorunmuş olurdu.
Artilleriya mərmisinin əmələ gətirdiyi çuxurlardan əsgərlərimiz tez-tez səngər kimi istifadə edirdilər. Erməni ordusunun viran qoyduğu yaşayış məntəqələrində binaların və hasarların qalıqları düşmənin atəşindən qorunmaq üçün çox istifadə edilirdi.