44 gün sürən Vətən müharibəsində əsgərlərimiz müxtəlif təbii və süni maneələri dəf etmək məcburiyyətində qalırdı. Çayları və müxtəlif su maneələrini, daimi və ya xüsusi düzəldilmiş körpülərdən, yaxud döyüş maşınlarının köməyi ilə keçirdilər. Su maneələrini dayanmadan keçmək çox vacib idi. Çayın kənarında ləngimək hücumun tempini aşağı salırdı. Düşmən də bundan faydalanırdı.
Əsgərlərimiz su maneələrini bir-bir, iki-iki keçirdilər. Şərait imkan verdikdə ayaqqabılarını və təchizatlarının bir hissəsini çıxardaraq çiyinlərində keçirirdilər. Axın sürətli olduqda çayı keçərkən sahildən sahilə kəndir çəkib bərkidirdilər. Kəndirdən tutaraq 8-10 metr ara məsafəsi ilə suyu keçirdilər.
Düşmən bütün cəbhə boyu hər cür mühəndis maneələri qurmuşdu. Bu maneələri və onları qoruyan atəş vasitələrini aşkar etmək üçün fasiləsiz kəşfiyyat aparılırdı. Aşkar edilmiş atəş vasitələri topçularımızın dəqiq atəşi ilə susdurulurdu. Keçidlər açaraq bu maneələr dəf edilirdi. Cəsur istehkamçılarımız keçidləri qaranlıq, məhdudgörmə şəraitində açmağa üstünlük verirdilər.
Cəbhənin Tərtər istiqamətində baş leytenant Bəkir Əsgərzadə keçid açıb kəşfiyyat qruplarını irəli yola salmaq əmri alır. Birinci keçiddə o, minaya düşərək sol ayağını itirir. Qanaxmanı saxlayıb birinci keçidi tamamlayır. Sürünə-sürünə növbəti keçid açacağı istiqamətə irəliləyir. Növbəti keçidi də açıb kəşfiyyat qruplarını yola salır. Keçid aça-aça irəlilədikcə onun yarasından axan qan arxasınca bir cığır yaradır. Tarixi Zəfərə aparan yolun cığırı... Otu saralmış kiçik təpəciklər, torpağın çökməsi, yerdən hündür çəkilmiş məftil və s. əlamətlər qəhrəman döyüşçülərimizin minaları aşkar etmələrinə kömək edirdi.
Şuşaya doğru dağlıq, meşəlik ərazilərdə irəliləyən döyüşçülərimiz “sürpriz mina”larla, tikanlı məftildən hazırlanmış müxtəlif maneələrlə tez-tez rastlaşırdılar.