Açıq ərazidə düşmənin atəşi altında ona yaxınlaşıb həmləyə keçmək üçün uzanmış vəziyyətdə hərəkət marşrutu və nəfəs dərmək üçün gizli yer gözaltı edirdilər. Sonra cəld qalxaraq həmin nöqtəyə irəliləyir, ora çatdıqda isə sol böyrü üstə uzanaraq üzü üstə çevrilir və kənara diyirlənirdilər.
Əsgərlərimizin qaçaraq dəf etdikləri məsafə orta hesabla 20—40 addım təşkil edirdi. Bu vaxt ərzində düşmən fiziki olaraq atəş açmağa macal tapmırdı. Onlar göstərilən hüduda döyüş yoldaşının qaçaraq keçməsini himayə etmək üçün əlverişli yer seçərək atəş açır, düşmənə hiss etdirmədən müəyyən məsafəni qət edərkən sürünərək irəliləyirdilər.
Əsgərlərimiz silahlarını və qumbaralarını komanda ilə, yaxud müstəqil tətbiq edirdilər. Müstəqil şəkildə, adətən, yaxın döyüşdə atəş açır, qumbara atırdılar. Bu vaxt onlar yüksək sayıqlıq və əsgəri bacarıq nümayiş etdirirdilər. Döyüşdə hərəkətdə, dayanmada, dizi üstə, uzanaraq, səngərdən, daldalanacaqdan, ağacın arxasından və s. vəziyyətlərdən atəş açmaq - bütün bunlara əsgərlərimiz hazırlıqlı idilər.