44 günlük Vətən müharibəsi zamanı döyüş şəraitinin tez dəyişdiyinin şahidi olduq. Belə ki bölmələrimiz müxtəlif fənd və üsullar tətbiq edir, əsgərlərimiz istənilən ərazi şərtlərində düşmənin atəşi altında silahından bacarıqla istifadə edərək onu zərərsizləşdirib cəsarətlə irəliləyirdilər.
Milli Qəhrəman Mübariz İbrahimov 19 iyun 2010-cu ildə gecə saatlarında Tərtər istiqamətində mina sahəsini keçərək düşmənin çox sayda hərbçisini məhv etmişdir. Erməni silahlılarında Azərbaycan ordusunun onlara qarşı hücuma keçdiyi haqqında təəssürat yaranmış, gecənin qaranlığında çaşbaş qalan düşmən əlavə qüvvələrini də köməyə çağırmışdı.
Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu və qəhrəmanlıq Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Piyada hərəkət zamanı ərazidən və düşmənin atəşindən asılı olaraq əsgərlərimiz sürətli addımlarla, qaçaraq (ayaq üstə, yaxud əyilərək), qaçaraq yerdəyişmə, yaxud sürünərək keçmə üsulları ilə irəliləyirdilər.
Həmlənin gedişində əsgərlərimiz qaçaraq, yaxud sürətli addımlarla, əl qumbarasını tulladıqdan sonra isə qaçaraq irəliləyirdilər. Düşmənin müdafiəsinin dərinliyində hücum edərkən şəraitdən asılı olaraq bütün üsullar tətbiq edilirdi.