Siz Çağırışaqədərki hazırlıq fənnini aşağıdakı istiqamətlər üzrə öyrənəcəksiniz:
dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları, həyat fəaliyyətinin təhlükəsizliyinin
təminatı, tibbi biliklər və ilk tibbi yardım qaydaları.
Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Çağırışaqədərki hazırlıq fənninin tədrisi zamanı siz Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alacaq, sizdə vətənə
və xalqa sədaqət, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətin müqəddəs
və şərəfli bir iş olmasına inam, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət hissi
kimi mənəvi keyfiyyətlər formalaşacaq.
Siz Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktlarının ölkənin
müdafiəsinə aid tələbləri ilə tanış olmaqla yanaşı, ölkənin müdafiəsinə dair
vətəndaşlıq borcunu və məsuliyyətini başa düşəcək, ordu həyatı ilə tanış olmaqla
əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edəcəksiniz.
Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Siz həyat fəaliyyətinin təhlükəsizliyinin təminatına dair zəruri biliklər alacaq, ümumqoşun
döyüşünün əsasları, taktika və müasir silahlar haqqında biliklərə, topoqrafiya,
mülki müdafiə üzrə bacarıqlara yiyələnəcəksiniz.
Unutmayın ki, əldə olunan bilik və bacarıqlar bir vətəndaş kimi formalaşmağınızda
böyük əhəmiyyət kəsb edir.
Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Siz yaşamaq üçün ən vacib amil olan sağlam həyat tərzini öyrənməklə yanaşı, istər
müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı
xəsarət alanlara və zərərçəkənlərə ilk tibbi yardım göstərməklə bağlı biliklər əldə
edəcəksiniz. Bu sahədə yiyələndiyiniz bilik və bacarıqlar inkişaf etməyinizə geniş imkanlar
yaradacaq, sizdə zərərçəkənlərə (yaralılara) humanist yanaşma, insani keyfiyyətlər
nümayiş etdirməklə təmənnasız tibbi yardım göstərmə xüsusiyyətlərini formalaşdıracaq.