II Dünya müharibəsi illərində taktika sürətlə inkişaf etdirilmişdir. Bu müharibədə həyata keçirilən taktiki gedişlər nəticəsində uğurlar əldə edilirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov sərkərdəlik qabiliyyəti sayəsində Stalinqrad (indiki Volqoqrad) ətrafında faşist generalı Fridrix Paulyusun 6-cı ordusunu xilas etməyə atılan feldmarşal Erix fon Manşteynin “Don” qruplaşmasını darmadağın etmişdi. Bu döyüşdə onun tətbiq etdiyi taktiki üsul “Aslanov nalı” adı ilə bütün dünyanın ali hərbi təhsil müəssisələrində indi də tədris edilir.
Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etdi. Bu, azmış kimi, son illər ətraf yaşayış məntəqələrinə atəş açaraq dinc əhaliyə divan tutdular. 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində baş verən döyüşdə general-mayor Polad Həşimov şəhid oldu. O, Silahlı Qüvvələrimizin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Ərazilərimizi işğaldan azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başladı. 44 gün sürən Vətən müharibəsində Silahlı Qüvvələrimiz Ermənistan ordusunu darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bu müharibə dünyanın ən güclü orduları üçün müasir ümumqoşun döyüşünün parlaq nümunəsi oldu. Rusiyalı və amerikalı hərbi ekspertlər Silahlı Qüvvələrimizin döyüş əməliyyatlarını addım-addım izləyərək döyüş nizamnamələrinin yenidən yazılması, “Şuşa əməllyyatı” nın isə hərbi dərsliklərə salınması qənaətinə gəldilər.
Dünyanın aparıcı ölkələrinin hərbi ekspertlərinin azad Şuşanı gözləri ilə görmək istəyi heç də təsadüfi deyil. Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzi isə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qafqazda fırtına” adlı kitab dərc etdi.