Xəbərdarlıq komandası sıradakılardan
nə tələb olunduğunu düzgün anlamaları üçün ucadan, aydın və
uzadılaraq verilir.
Hər hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan
kənarda olan hərbi qulluqçular “farağat” vəziyyəti alırlar.
İcra komandası qısa fasilədən sonra
ucadan, kəskin və aydın verilməlidir. İcra komandası dərhal və
dəqiq yerinə yetirilir.
Əsgərlərin düzülüşqabağı və sırada vəzifələri:
silahının,
fərdi mühafizə vasitələrinin və ləvazimatın saz vəziyyətdə
olduğunu və geyim formasını yoxlamaq;
geyim
formasını qaydalara uyğun səliqəli geyinmək;
yoldaşında
gördüyü nöqsanları aradan qaldırmaqda onlara yardım etmək;
sırada öz
yerini bilmək, onu tez və təlaşsız tutmaq;
hərəkət zamanı
təyin edilmiş interval və distansiyanı saxlamaq, sıradan icazəsiz
çıxmamaq;
sırada
icazəsiz danışmamaq;
əmrlərə və
komandalara diqqətli olmaq, onları düzgün və tez icra etmək.
Bütün hərbi qulluqçuların saçı qısa və səliqəli olmalıdır.
Qadın hərbi qulluqçularının
saçı çiyinlərini örtməməli, uzun olduqda arxadan yığılmalı, baş
geyiminin daşınmasına mane olmamalıdır. Xidmət vaxtı makiyaj
nəzərə çarpmamalı, zinət əşyalarından istifadə olunmamalıdır.
SİLAHSIZ SIRA ÜSULLARI VƏ HƏRƏKƏTLƏR
Sıra duruşu
Sıra duruşu “Düzül!” komandası ilə
alınır. Bu komanda ilə hərbi qulluqçu cəld sıraya durmalıdır.
Hərbi qulluqçu dabanları birgə, ayaqqabıların burnunu ön xətt
üzrə bir pəncə enində aralamalı, ayaqlarını dizlərdə
gərginləşdirməməlidir. Gövdə dik tutulur, sinə bir qədər
qabardılır, qarın boşluğu içəri çəkilir, çiyinlər bərabər
yüksəklikdə tutulur və yuxarı qaldırılmadan bir az geriyə
alınır. Qollar sərbəst vəziyyətdə aşağı salınır. Barmaqlar
bitişik vəziyyətdə və orta barmaq şalvarın yan tikişi üzərinə
qoyulur. Ovuclar ayaqlara yapışdırılır. Baş yuxarı və düz
saxlanılır, baxışlar irəli yönəlir.