Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.
Başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər bağlaşma əsasında Silahlı Qüvvələrimizə hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Konstitusiyamıza və qanunlarımıza əməl edəcəkləri barədə öhdəlik götürürlər.
Mən, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.
Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm. Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.
Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.
Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram.
Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra onlara silah və hərbi texnika təhkim olunur, döyüş növbətçiliyinə təyinedilmə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlbedilmə şərəfinə nail olurlar.